Dodge şirkəti yaxın zamanlarda təqdimatı gözlənilən yeni modelin tizerini dərc edib. Videoçarxda hansı modeldən söhbət getdiyi bildirilməsə də, bir çoxları bu modelin Charger Widebody olduğunu söyləyirlər.

Tizerdə şirkət yeni avtomobil barədə heç bir məlumat verməyib. Çarxda səsləndirilən “Something big is coming” (“Nə isə böyük bir şey yoldadır”) şüarı yeni modelin Charger masl-karının “geniş” kuzovlu  Widebody versiyasının olacağına işarə edir. 

Dodge Charger Widebody konsepti bu ilin mart ayında təqdim edilib. Konsept 717 at qüvvəli SRT Hellcat versiyasının bazasında hazırlanıb. Vizual olaraq konsepti genişləndirilmiş təkər tağları, arxa spoyler və aerodinamik kuzov dəsti sayəsində tanımaq olar. Modelin güc xarakteristikaları sirr olaraq saxlanılır. Çox güman ki, “geniş” Charger donorundan yeyin olacaqdır.

Charger SRT Hellcat modeli 6,2-litrlik V8 mühərriki ilə təchiz edilir. Sedan 100 km/saat həddini 3,7 saniyəyə toplayır. Onun maksimal sürəti 328 km/saatdır.