Öz qanadı altında 14 markanı birləşdirən Stellantis konserni, 30 milyard avroya başa gələcək elektrikləşdirmə strategiyası təqdim edib. Plana əsasən, konsernə daxil olan bütün marka və seqmentlərin avtomobiləri üçün dörd modul platforması, unifikasiya edilmiş batareya dəstləri və üç miqyaslanan elektrik modulunu (elektrik mühərriki, transmissiya və inventor) hazırlanacaqdır.

2030-cu ilə Stellantis tərəfindən Avropada satılan avtomobillərin təxminən 70 faizini hibrid və ya elektromobillər təşkil edəcəkdir. ABŞ-da bu rəqəm 40 faizə çatacaqdır. Dodge markası da elektrikləşmədən kənarda qalmayacaqdır - 2024-cü ildə şirkət bazara dünyanın ilk elektrik maslkarını çıxarılmalıdır.

Dodge elektrik maslkarı barədə heç bir məlumat verilməyib. Ancaq şirkətin rəhbəri Tim Kuniskis ilə çəkilmiş videoçarxdan müəyyən məlumatı öyrənmək olar. Məsələn, elektrokarın mövqeləndirməsi haqqında: Dodge elektromobil sözünü işlətməsə də, yeni modeldən American eMuscle, yəni elektrik maslkarı kimi bəhs edir.

Üstəlik, videoçarxda ara-sıra görünən avtomobil, Charger modelinin ilk nəslinə bənzəyir və böyük ehtimalla, tam ötürmə ilə təchiz olunacaqdır. Hətta onun üçün yeni şüar da fikirləşiblər: Tear Up the Streets... Not thr Planet (“Küçələri parçalayın ... Planeti deyil”).

Dodge yeni modelin köməkliyi ilə müştərilərinə ən çox ehtiyac duyduqlarını – elektrik güc qurğusuna malik olan güclü və sürətli avtomobili vermək niyyətidədir. Şirkət mühəndislərinin daxili yanma mühərriklərinin imkanlarının son həddə çatdığını, elektrik ötürməsinə keçidin isə şirkətin yeni səviyyəyə qalxmasına kömək edəcəyini söyləyirlər.

Əgər bu həqiqətən də belədirsə, o zaman, elektrik maslkarı indiki Challenger SRT Super Stock modelindən daha güclü olmalıdır. Xatırladaq ki, infernal Challenger kupesi 818 at qüvvəli 6,2-litrlik Hemi V8 mühərriki ilə hərəkətə gəlir.

Bununla yanaşı, Dodge markasının ilk elektrik maslkarı təsirli yürüş ehtiyatı ilə öyünə biləcəkdir. Stellantis konsernindən bildirildiyinə  görə, ona məxsus olan 14 markanın elektromobilləri, onları 500-800 kilometrlik yürüş məsafəsi ilə təmin edəcək dörd platformadan (STLA Small, STLA Medium, STLA Large və STLA Frame) birinə əsaslanacaqlar. Üstəlik, konsern ön, arxa və tam ötürməli avtomobillərə uyğun gələcək üç yığcam güc qurğusunu, habelə iki daxili kimya variantına sahib olan batareyaları hazırlayacaqdır.

Ən yığcam STLA Small platforması 95 at qüvvəli elektrik mühərrikinin, 37-82 kilovat-saatlıq dartma batareyalarının quraşdırılmasını və 500 kilometrlik yürüyüşü nəzərdə tutur. "Orta" STLA Medium platformasındakı avtomobillər 170-245 at qüvvəli elektrik mühərrikləri, 87-104 kilovat-saatlıq batareyalar və 700 kilometrə qədər yürüş məsafəsinə sahib olacaqlar. 

STLA Large arxitekturasında isə 204-450 at qüvvəli mühərriklər, 101-118 kilovat-saatlıq batareyalar quraşdırılacaqdır. Bu platformada inşa edilən elektromobillər 800 kilometrə qədər yürüş ehtiyatına malik olacaqdırlar. Eyni mühərriklər amerikan markalarına ünvanlanan STLA Frame platforması üçün də nəzərdə tutulub. Lakin "800 kilometrə qədər"  yürüyüşə nail olmaq üçün 159-200 kilovat-saatlıq daha böyük batareyalara ehtiyac var.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.