Ferrari şirkəti Special Projects xəttindən olan yeni superkarı təqdim edəcəyini bəyan edib. Yeganə nüsxədə buraxılacaq avtomobil Honkonqda nümayiş etdiriləcəkdir.

«Səhnə arxasına keçin, Special Projects xəttindən olan ən ekstremal modelimizi təqdim edəcəyimiz səyahətə qatılın», - Ferrari bu sözlərlə yeni superkarın tizerini səsləndirib. Təqdimatı bu gün keçiriləcək superkar, hələlik Prototipo kod adı ilə tanıdılıb. Avtomobilin Honkonqda təqdim edilməsi, onun Asiyadan olan müştəri üçün hazırlandığından xəbər verir.

Bu günə qədər bir neçə eksklyuziv model hazırlanmışdır ki, onlardan sonuncusu Ferrari F12tdf modelinin bazasında inşa edilmi. SP3JC rodsteridir. Yeni model haqında isə, məlumat olduqca azdır. Tizerdən göründüyü kimi, avtomobili Ferrari markasının yerli nümayəndəsi olan Blackbird Concessionaires  şirkətinin şourumunda təqdim edəcəkdirlər.

Yeni avtomobilin sahibi Mr. TK Mak adlı şəxs olacaqdır. O, artıq öz Instagram səhifəsində bu barədə məlumat da dərc edib. Bu şəxsin yarışlarda Ferrari avtomobilində çıxış etdiyi və Blackbird Concessionaires ilə yaxın əlaqəsinin olduğu söylənilir. Digər bir məlumatda isə, yeni modelin LaFerrari hiperkarının əsasında inşa edildiyi bildirilir. FerrariChat saytının bildirdiyinə görə, bu avtomobil haqqında məlumat iki il bundan öncə peyda olsa da, bu günə qədər o ictimayyətə təqdim edilməyib.