Ferrari markası cari ilin sentyabr ayının ortasında Purosangue (italyancadan tərcümədə “Təmizqanlı”) modeli ilə krossover seqmentinə daxil olub. V12 mühərriki ilə hərəkətə gələn beşqapılı Ferrari modeli dünyanın ən sürətli krossoveri olub və bazarda hitə çevirilib.

Sifarişlərin qəbuluna başladıqdan bir neçə gün sonra isə, Ferrari şirkətinin marketinq meneceri Enriko Qalyera böyük alıcı axını səbəbindən satışların dayandırıla biləcəyini söyləyib. Belə də oldu: hələ konveyerə çıxmamış və qiyməti belə olmayan avtomobil üçün iki illik növbə yaranıb.

Hələ bu ilin yazında Ferrari rəhbərliyi, rəqiblərindən fərqli olaraq, modelin eksklüziv imicini qorumaq üçün, Purosangue krossoverinin məhdud sayda istehsal ediləcəyini bildirmişdi.

İtalyanlar konkret rəqəmləri açıqlamasalar da, krossoverin tirajının italyan markasının ümumi satışlarının 20 faizindən çox olmayacağını qeyd etmişdilər. Nəticədə, satışların başlamasından iki ay yarım sonra, Ferrari iki illik öncədən sifarişləri toplamağa müvəffəq olub.

“Sifariş qəbulunu dayandırdığımız artıq sirr deyil. Avtomobilin bir nüsxəsini belə çatdırmadan, ona böyük maraq yaratmğa müvəffəq olmuşuq. Buna görə də Ferrari və modelin mövqeləndirməsinə uyğun olduğunu düşündüyümüz bir qərar verdik”, - Qalyera bildirib.

Belə yanaşma, Lamborghini brendinin satışlarının aparıcı qüvvəsinə çevrilmiş Urus krossoverinə olan yanaşması ilə tam ziddiyyət təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan əlavə, Purosangue rəqiblərindən nəzərəçarpacaq dərəcədə baha olacaqdır: “Autocar” nəşrinin bildirdiyinə görə, Purosangue modelinin Böyük Britaniyadakı satış qiyməti 313 min funt sterlinq olmalıdır - bu, Urus modelinin Britaniyadakı satış qiymətindən demək olar ki, iki dəfə çoxdur.

Ferrari Purosangue modelinin istehsalı nabu ilin sonuna qədər start verilməlidir. İlk avtomobillərin müştərilərə çatdırılmalarına 2023-cü ilin ikinci rübündə başlanılmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.