Renault qrupu ilə birləşmək cəhdində uğursuzluğa düçar olan Fiat-Chrysler konserni yenidən tərəfdaş axtarır. İtalyan-amerikan konserninin seçimi yenidən fransızlar olub – bu dəfə tərəfdaş kimi PSA Peugeot Citroen qrupu çıxış edir. Mümkün olan birləşmə haqqında danışıqların getdiyini hər iki tərəf təsdiqləyib.

Qeyd etmək lazımdır ki, hələlik hər iki alyans press-kommyükelərin dərc edilməsi ilə kifayətlənib. Bununla belə, Wall Street Journal nəşrinin mənbələri birləşmənin əsas variantı kimi tamhüquqlu tərəfdaşlığın müzakirə olunduğunu bildiriblər. Yeni yaradılacaq şirkətdə PSA qrupunun rəhbəri Karlos Tavares CEO və idarə heyətinin sədri, FCA konsernin rəhbəri isə direktorlar şurası sədri vəzifəsini tuta bilər.

Lakin, gündəlikdə digər variantlar da vardır – fransızlar tərəfindən FCA alyansının tamamilə alınması. Əgər sövdələşmə baş tutarsa, dünya arenasına 46 milyard dollar dəyərində nəhəng brend portfeli olan yeni oyunçu çıxa bilər. Satış həcminə görə isə PSA/FCA ittifaqı dünyanın dördüncü istehsalçısına çevrilə bilər.