Ford şirkəti Avropa bazarında satılan Ranger pikapının xüsusi Thunder adlı versiyasını təqdim edib. 4500 nüsxəlik məhdud saylı tirajla buraxılacaq pikaplar, seçilən haşiyələri olan "tutqun" tərtibatlı xarici görünüşü, iki cərgəli kabini və genişləndirilmiş standart avadanlıqlar siyahısı ilə fərqlənir.

Ford Ranger Thunder modeli populyar Ranger Wildtrak versiyasına əsaslanır. Pikaplar radiator barmaqlığında və təhlükəsizlik qövsündə qırmızı haşiyələri olan boz Sea Grey rənginə boyanıb və tutqun qara rəngli Ranger loqotipləri, qırmızı Thunder yazıları ilə təchiz ediliblər. Salonda, qırmızı tikişləri və Thunder naxışları olan qara dəri ilə örtülmüş oturacaqlar, işıqlanan kandar lövhəcikləri və qara kilimlər diqqəti çəkir.

Ranger Thunder modelinin təchizatına 18-düymlük təkər diskləri, LED fənərlər və Ebony Black rəngində dekorativ kuzov elementləri daxil edilib. Əlavə ödənişlə, yük platformasının sürüşərək açılan qapağını və bölücü çəpəri quraşdırmaq mümkündür.

Məhdud saylı seriyadan olan pikaplar 213 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 2,0-litrlik EcoBlue biturbodizeli ilə təchiz edilirlər. Güc aqreqatı adaptiv məntiqə malik olan 10-pilləli avtomatik transmissiya və ön oxu sərt şəkildə birləşdirən tam ötürmə sistemi ilə tandemdə çalışır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Böyük Britaniyada Ford Ranger Thunder modelinin qiyməti 32,965 funt sterlinqdən başlayır. Xüsusi seriyadan olan pikapların müştərilərə çatdırılmasına avqust ayında başlanmalıdır.

Xatırladaq ki, keçən il Ford şirkəti Avropada 52.500 ədəd Ranger pikapını satmağa müvəffəq olub. Bu pikaplardan 16 mini Böyük Britaniyada məskunlaşıb.