Ford Performance bölməsi Mustang Shelby GT350R trek kupesinin təkmilləşdirilmiş versiyasını təqdim edib. Yenilənmiş kupe 770 at qüvvəli GT500 modelinin şassi elementlərinə sahib olub. Yenilənmə ön asqının geometriyasına, sükanın reykasına və elektrik gücləndiricisinin tənzimləmələrinə şamil edilib.

R indeksli kupenin fəlsəfəsi dəyişilməz qalıb. Sportkarın çəkisinin azaldılması məqsədi ilə arxa divandan imtina edilib. Bundan başqa, səsboğucu sistem rezonatorlardan məhrum olub. Avtomobilin təkər diskləri isə, bütöv karbonplastik parçasından hazırlanıblar. Ford şirkətinin idman bölümünün baş mühəndisi Ed Krenz Shelby Mustang GT500 modelində debüt etmiş innovasiyaların tədricən digər modellərdə də tətbiq olunacağını bildirib.

Image alt Image alt Image alt Image alt

Zahiri cəhətdən yenilənmiş Ford Mustang Shelby GT350R modelini yenidən işlənilmiş arxa antiqanadı, ön splitteri və 1970-ci illərin Mustang modelillərinin orijinal rəng çeşidinə uyğun olan rəng palitrası sayəsində ayırd etmək olar. Bundan başqa, əlavə ödənişlə 12 dinamiki olan Bang&Olufsen səs sistemini, naviqasiyası olan məlumat-əyləncə kompleksini və çarpaz hərəkət barədə xəbərdarlıq edən sistemi də sifariş etmək olar.

Sələfi kimi, 2020-ci ilin Ford Mustang Shelby GT350R modeli ümumi yollarda istismarına icazə verilən trek avtomobilidir. Avtomobilin sahibi özünü trekdə peşəkar pilot kimi hiss edə bilər. Mülki trek avtomobilinin qiyməti hələlik açıqlanmayıb.