Bir müddət bundan öncə, Ford və Volkswagen şirkətlərinin kommersiya avtomobillərinin yaradılması sahəsində əməkdaşlıq edəcəkləri barədə xəbər vermişdik. Bu əməkdaşlıq çərçivəsində Ford hər iki şirkət üçün tamölçülü pikap hazırlamalıdır. Yeni model Ford Ranger və VW Amarok pikaplarını əvəzləməlidir. Bundan başqa, amerikalılar Transit Custom və Transporter furqonlarını əvəzləyəcək yeni kommersiya avtomobilləri ailəsini yaratmalıdırlar. Alman tərəfi isə Transit Connect və Caddy modellərini əvəzləyəcək kiçik kommersiya avtomobilini hazırlamalıdır.

Bu layihələr 2022-ci ildə başa çatmalıdır. Üstəlik, bu tərəfdaşlıq səhmlərin mübadiləsini nəzərdə tutmur. Alyansın fəaliyyətini hər iki şirkətin top menecerlərindən ibarət olan yeni şura tənzimləyəcək. Lakin, Ford və VW bu əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Bu günlərdə tərəfdaşlar pilotsuz nəqliyyat vasitələrinin yaradılması üzrə ixtisaslaşmış Argo Ai şirkətini satın alıblar.

Tərəflər startapa yeddi milyard dollar sərmayə qoyacaqlar ki, bu məbləğin alman şirkətinə düşən payının 1,6 milyardı AID (Autonomous Intelligent Driving) törəmə müəssisəsi şəklində olacaq. Bu şirkət Argo Ai şirkətinin avropa bölməsi kimi fəaliyyət göstərəcəkdir. Argo Ai şirkəti artıq dördüncü avtonomluq səviyyəsinə malik olan SDS (Self Driving System) elektron modul platforması üzərində çalışmaları davam etdirir. Gələcəkdə bu platformadan hər iki markanın avtomobillərinin inşasında istifadə etmək olar.

İki şirkət arasındakı daha bir əməkdaşlıq sahəsi elektromobillər olacaq. Volkswagen şirkəti amerikan istehsalçısına bir kütləvi model üçün MEB modul platformasını istifadə etməyə icazə verib. Gələcək elektromobil avropa bazarına ünvanlanıb və onu 2023-cü ildə Ford markasının Kölndəki zavodunda istehsal edəcəklər.

Bundan başqa, tərəfdaşlar artıq ikinci birgə modelin yaradılması məsələsini müzakirə edirlər. Söhbət Ford markası üçün ayrı-ayrı elektrik modellərinin hazırlanmasından gedir. Bu halda Ford alman şirkətinin şassi və aqreqat çeşidindən istifadə edə bilər. Bütün bunlar elektrik komponentlərinin hazırlanmasına çəkilən xərcləri azaltmaq və müvafiq olaraq onların qiymətini ucuzlaşdırmağa yönəldilib.