Quançjouda keçirilən avtosalonda Genesis markası Electrified GV70 krossoverini təqdim edib. Bu Koreya markasının DYM-li modelinin bazasında yaradılmış ikinci elektrokardır. Xatırladaq ki, birinci belə model Şanxay avtosalonunda debüt edən Electrified G80 sedanı olub.

Ənənəvi avtomobilin elektrokara çevrilməsi tanış ssenari üzrə aparılıb: yeni versiya donorundan rombşəkilli naxışları və gizli cərəyan yükləmə başlığı olan bağlı ön paneli, habelə səsboğucu sistemin çıxış borularının yoxluğu ilə fərqlənir. Bundan əlavə, yürüş ehtiyatını artırmaq üçün avtomobilin bamper və təkər disklərinin dizaynı optimallaşdırılmışdır.

Genesis Electrified GV70 modelinin baza versiyası iki elektromotor və tam ötürmə ilə təchiz edilir. Ön və arxa oxda quraşdırılan hər bir mühərrik 218 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edir. Boost rejimində elektrik qurğusunun ümumi hasilatə 490 at qüvvəsi və 700 Nm təşkil edir. Nəticədə, elektrik krossoveri 100 km/saat həddini 4,5 saniyəyə toplayır.

Xatırladaq ki, Electrified G80 sedanının güc qurğusu cəmi 370 at qüvvəsinə malikdir. Bundan başqa, Electrified GV70 elektrokarı Genesis modelləri arasında e-Terrain ofroud hərəkət rejimini əldə edən ilk avtomobildir.

Elektrik krossoverinin təchiz edildiyi batareyanın tutumu açıqlanmayıb, lakin istehsalçı elektrokarın yürüş ehtiyatının Çin CLTC standartına əsasən 500 kilometrdən çox, doğma Koreya standartına görə isə 400 kilometr ətrafında olacağını bildirib. 350 kilovatlıq yükləməni dəstəkləmə nəticəsində batareyanın 10 faizdən 80 faizə qədər doldurulmasına 18 dəqiqə tələb olunur. Bununla yanaşı, avtomobilin özünü 3,6-kilovatlıq ehtiyat enerji mənbəyi kimi istifadə etmək olar.

Elektrik sedanı kimi, krossover də ön kamerdan yol səthi haqqında alınan məlumata əsasən tənzimləmələrini dəyişən adaptiv asqı, avtomobili “bir pedalla” idarə etməyə imkan verən rekuperativ əyləcləmə sistemi və aktiv səs-küy boğma funksiyası ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt

İstehsalçı elektrik krossoverinin Çin ilə yanaşı Şimali Amerikada da satılacağını bildirib. Genesis Electrified GV70 modelinin Hyundai şirkətinin Alabamadakı zavodunda buraxılacağı da istisna edilmir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.