Genesis markası yeni naməlum modelin təqdimat tarixini açıqlayan tizeri yayıb. Dərc edilmiş təsvirdən göründüyü kimi, 19 aprel tarixində Şanxay avtosalonu çərçivəsində GV70e indeksli elektrik krossoveri təqdim ediləcəkdir.

Tizerdə yeni modelin radiator barmaqlının yerinə quraşdırılmış bağlı panel və ön fənərlərin iki firma zolaqları olan ön tərəfi təsvir olunur. Cənubi Koreya markasının ilk elektrik krossoverinin GV60 modelinin olacağı bildirilsə də, çox güman ki, GV70e modeli onu qabaqlayacaqdır. Bir müddət bundan əvvəl, casuslar GV70e modelinin prototiplərini sınaqlar zamanı çəkiblər.

Genesis GV70e modeli Hyundai, Genesis və Kia elektriomobilləri üçün hazırlanmış yeni E-GMP modul platformasını almayacaqdır. Model adi GV70 krossoverinin elektrik mühərriki ilə təchiz edilmiş versiyası olacaqdır.

Genesis GV60 modelinə gəldikdə isə, bu model premium markanın daxili yanma mühərrikli analoqu olmayan ilk elektrik krossoveri olacaqdır. Yığcam model Hyundai Ioniq 5 və Kia EV6 elektrokarlarının inşa edildiyi E-GMP platformasının üzərində qurulacaqdır. GV60 modeli beş dəqiqəyə 100 kilometrlik yürüş ehtiyatını təmin edən sürətli yükləmə funksiyasına, tam ötürmə sisteminə və 500 kilometrə qədər yürüş ehtiyatına malik olacaqdır.