Honda yeni nəsil Civic Type R hetçbekini keçən həftə nümayiş etdirib. Avtomobilin eksteryer və interyer dizaynını nümayiş etdirən yapon istehsalçısı, onun mühərrikinin gücünü və dinamik xarakteristikalarını açıqlamayıb və “qaynar” hetçbeki “modelin tarixindəki ən güclü” avtomobil olduğunu söyləyərək ictimayyəti belə desək, “yola verib”. Lakin atalar demişkən - cidanı çüvalda gizlətmək olmaz.

Honda markasının qadın müştərisinin sayəsində yaponların gizli saxladığı məlumatların bir hissəsi ortaya çıxıb. Qadın avtomobilə sifarişi rəsmiləşdirdikdən sonra ona göndərilən broşürü skan edərək nəşrlərdən birinə ötürüb.

Beləliklə, skanları əldə etmiş Tire Meets Road nəşri Honda Civic Type R modelinin 2,0-litrlik turbomühərrikinin hasilatının 330 at qüvvəsi  və 420 Nm fırlanma anı təşkil etdiyini yazır. Müvafiq olaraq, yeni “qaynar” hetçbekin mühərriki sələfindən 10 at qüvvəsi və 20 Nm çox hasil edir.

Bununla belə, avtomobilin sürətlənmə dinamikası da hələ də gizlidir. Xatırladaq ki, əvvəlki nəsil 320 at qüvvəli Honda Civic Type R (FK8) modeli 100 km/saata sürətlənməyə 5,7 saniyə sərf edir və 272 km/saata sürətlənir. Böyük ehtimalla, yeni Civic Type R sələfindən 0,1 saniyə yeyin ola bilər. Maksimal sürətində 2-3 km/saat artacağını gözləmək olar.

Maraqlıdır, yeni Civic Type R modelinin güc və dinmaik xarakteristikalarını sirr kimi qorumaqla Honda nə demək istəyir? Məsələn, Golf modelinin tarixindəki ən güclü model olan R 20 hetçbeki 333 at qüvvəsinə malikdir və 100 km/saat həddini 4,7 saniyəyə toplayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.