İdman xarakterli Hyundai i20 N Line hetçbekinin ardınca, Hyundai şirkəti modelin "bərkgedən" modifikasiyası olan i20 N modelinin ilk təfərrüatları yayımlayıb. Yeni hot-hetç daha aqressiv dizayna və texniki hissəyə malik olacaqdır.

Hyundai i20 N ikirəngli kuzova sahib olacaqdır. Dərc edilmiş tizerlərdə hetçbek Phantom Black rəngində damı, dayaqları və güzgü gövdələri olan Performance Blue rəngli kuzovda göstərilir. "Bərkgedən" hetçbek iri hava girişləri və qırmızı rəngli ön splitteri ilə seçilir. Bundan əlavə, model aqressiv aerodinamik kuzov dəsti, arxa spoyler və 18-düymlük təkər diskləri ilə təchiz edilir.

Koreya istehsalçısı “bərkgedən” hetçbekin texniki xarakteristikalarını açıqlamayıb. Bununla birlikdə, ön ötürməli i20 N modelinin təxminən 200 at qüvvəsi və 275 Nm fırlanma anı hasil edən 1,6-litrlik turbomühərriki alacağı gözlənilir. Güc aqreqatı yalnız altı pilləli mexaniki transmissiya ilə tandemdə çalışacaqdır. Hyundai i20 N modeli 100 km/saat həddinə 6,7 saniyəyə sürətlənəcəkdir. Modelin maksimal sürəti 230 km/saat olacaqdır.

Mühəndislərin fikrincə, modernləşdirilmiş hetçbek Volkswagen Polo GTI və Ford Fiesta ST modellərinin birbaşa rəqibinə çevrilməlidir. Hər iki model  demək olar ki, eyni xüsusiyyətlərə malikdir. Hyundai i20 N modelinin debütü ilin sonuna qədər baş tutmalıdır.  “Bərkgedən” hetçbekin Avropadakı satışlarının başlanması 2021-ci ilin yazına planlaşdırılır.