Hyundai şirkətinin N bölümünün Tucson krossoverinin və i20 hetçebekinin "qaynar" versiyalarını hazırladığı barədə şayiələr uzun müddətdir ki dolaşmaqdadır. Bu günlərdə Auto Express saytı şirkət daxilindəki mənbələrdən hər iki avtomobil üzərində çalışmaların son mərhələyə daxil olduğunu öyrənib.

İnsayderlər yaxın iki il ərizndə Hyundai Tucson N modelinin Cupra Ateca və VW T-Toc R modelləri ilə mübarizəyə başlayacağını bildiriblər. Yığcam krossoverin "qaynar" versiyası 340 at qüvvəli mühərrikə malik olacaqdır. Krossover 100 km/saat həddinə altı saniyəyə sürətlənməlidir.

N bölümünün rəhbəri Albert Birmann Hyundai Tucson N krossoverinin adi modellərə nisbətən daha sərt asqıya və azaldılmış klirensə malik olacağını söyləyib. O, idman xarakteristikaları ilə yanaşı, krossoverin güclü mühərrikə sahib olacağını da vurğulayıb. Bundan başqa, krossover daha aqressiv görkəmə və idman üslubunda tərtib edilmiş interyerə sahib olacaqdır.

Cənubi Koreya istehsalçısı VW Polo GTI, Renault Clio RS və Ford Fiesta ST modellərinə də rəqib hazırlamaq niyyətindədir.  Bu vəzifə Hyundai i20 N hetçbekinə həvalə ediləcəkdir. Öndən çəkişə, elektron differensiala sahib olacaq hetçbek, 250 at qüvvəli turbomühərrik ilə təchiz ediləcəkdir.