Ferrari şirkəti Purosangue («Saf qanlı") adlı krossover üzərindəki çalışmaları davam etdirir. Yeni modelin prototipi ilk dəfə olaraq yol sınaqları zamanı çəkilib. Lakin, krossoverin debütünə uzun zaman vardır - Ferrari Purosangue modeli 2022-ci ildə təqdim edilməlidir.

Şəkildən göründüyü kimi, test qatırını Maserati Levante krossoverinin kuzovu altında gizlətməyə qərar verilib. Ancaq güclü kamuflyaj örtüyü belə, bu prototipin Purosangue modelinin olduğunu göstərən detalları gizlətməyə imkan verməyib. Levante modeli ilə müqayisədə prototip nəzərə çarpacaq dərəcədə aşağı ağırlıq mərkəzinə malikdir, kapot  öndə yerləşən mühərrik bölümü sayəsində daha uzun olub. Mühərrikin təkər bazasının daxilində yerləşdirilməsi ağırlığın oxlar arasında optimal şəkildə paylanmasını təmin etməlidir.

Krossoverin elektrikləşdirilmiş güc qurğusunu alacağı məlumdur. 2018-ci ildə Ferrari modelin əsas elementlərinin təsvir olunduğu sxemi dərc edib. Bu sxemdə hibrid güc qurğusunun arxada ötürmələr qutusu ilə birlikdə yerləşdiyi görünür. Böyük ehtimalıa transmissiya SF90 Stradale modelindən götürülmüş iki muftalı "robotdur".

Yeni şəkillər Purosangue modelinin elektrik əlavələr də daxil olmaqla V6, V8 və V12 mühərrikləri ilə təchiz etməyə imkan verən Front Mid Engine Architecture platformasına əsaslanacağını təsdiqləyir. İri mühərrik bölməsinin olması, Purosangue prototipinin 12-silindrli mühərrik ilə təchiz olunduğuna dəlalət edir: buna GTC4Lusso və V12 mühərrikli 812 Superfast modellərindəkini xatırladan buraxılış sisteminin çıxış boruları da işarə edir. Belə bir mühərrik krossoverin top versiyasında quraşdırıla bilər. "Baza" modeli isə, daha sadə V6 mühərriki ilə təklif ediləcəkdir.

Ferrari Purosangue krossoveri, GT ailəsinin yeni modelləri kimi, yeni sükanı, cihazlar paneli və multimedia sistemi olan xüsusi salon arxitekturasını əldə edəcəkdir. Krossoverin avadanlıq siyahısına tam ötürmə sistemi, hündürlüyü  hündürlüyü tənzimlənən yeni asqı sistemi və arxa sıradakı sərnişinlər üçün nəzərdə tutulan displey daxildir.