Infiniti şirkəti Mercedes-Benz ilə birlikdə hazırladığı QX30 krossoverini «uğursuz məhsul» adlandırıb. Bu barədə «Motor Authority» nəşrinə verdiyi müsahibədə markanın yeni prezidenti Kristian Menye bildirib.

Keçən il Infiniti ABŞ bazarında 8101 ədəd QX30 krossoverini satıb. Müqayisə üçün, Infiniti QX30 modelinin inşasında aqreqatları istifadə edilən Mercedes-Benz GLA krossoveri 24 min nüsxəlik tirajla satılıb. Menye hələlik modelin satışlarının davam etdiriləcəyini, lakin onun əvəzləyicisinin hazırlandığını da bildirib.

Yüksək vəzifəli idarəçinin söylədiyinə görə, QX30 modelinin xələfi Infiniti markasının hazırladığı platformada inşa ediləcək və dəyişən sıxılma əmsalı olan mühərriklə təchiz olunacaqdır. Hazırda 249 at qüvvəsi hasil edən 2,0-litrlik dörd silindrli mühərrik Infiniti QX50 krossoverində quraşdırılır. QX30 modelinin mühərrikinin iş həcmi dəqiqləşdirilməyib.