Jaguar şirkəti XE sedanını yeniləyib. Model daha aqressiv görünüşə, tamamilə işıqdiodlarından hazırlanmış optikaya və i-Pace modelinin texnologiyalarına sahib olub. Sedanın mühərrik çeşidinə də yenidən baxılıb.

Yenilənmiş Jaguar XE sedanını yeni bamperləri, işıqdiodlarından hazırlanmış ön fənərləri və tərtibatı dəyişdirilmiş arxa LED fənərləri sayəsində ayırd etmək olar. R-Dynamic təchizat səviyyəsinə malik olan sedan eksteryerin yeni dekoruna, xüsusi dizaynlı təkər disklərinə və qırmızı tikişli idman oturacaqlarına sahib olub.

Sedanın salonunda 12,3-düymlük virtual cihazlar paneli və i-Pace modelindən götürülmüş Touch Pro Duo məlumat-əyləncə kompleksi quraşdırılıb. Bundan başqa, XE modeli oturacaq, güzgü və havalandırma sisteminin tənzimləmələrini avtomatik olaraq tənzimləyən Smart Setting texnologiyasına sahib olub. Süni intellektin köməyi ilə çalışan bu sistem də elektrokardan götürülüb.

Mərkəzi konsoldakı şayba formalı selektor yerini ötürmələr qutusunun ənənəvi dəstəyinə verib. Bu dəstək və JaguarDrive Control hərəkət rejimlərinin selektoru F-Type modelindən götürülüb. Sükan və qapı panelləri isə tamamilə yenidirlər. Jaguar XE modelinin avadanlıq siyahısına genişbucaqlı arxa kameradan alınan görüntüləri əks etdirən rəqəmsal ClearSight salon güzgüsü və bir sıra opsiyalar dəsti daxil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Jaguar XE modelinin mühərrik çeşidindən kompressorlu altısilindrli mühərriki yığışdırıblar. Artıq sedan yalnız dörd silindrli turbomühərriklər ilə təklif edilir. Bunlar, 250 və 300 at qüvvəli benzin, həmçinin 180 at qüvvəli dizel mühərrikləridir. Güc aqreqatları səkkiz pilləli “avtomat” ilə tandemdə çalışırlar. Ötürmə tam və arxa çəkişli ola bilər.

Böyük Britaniyada yenilənmiş Jaguar XE sedanına sifarişlər artıq qəbul edilir. Sedan 33915 funt sterlinqdən başlayan qiymətlərlə təklif edilir.