Jaguar XJ modeli bu il özünün 50 illik yubileyini bayram edir. Bu əlamətdar hadisəni qeyd etmək üçün, Jaguar şirkəti Kasl Bromviç – Paris marşrutu ilə 839 kilometrlik yürüş keçirəcəkdir. Yürüş Paris avtosalonunda başa çatacaqdır. Xatırladaq ki, ilk Jaguar XJ Series I modeli 1968-ci ildə məhz Paris avtosalonunda debüt etmişdir.

Bayraqdar sedanlar karvanına Series I modeli başçılıq edəcəkdir. Karvanı xüsusi yubiley seriyasından olan Jaguar XJ50 sedanı qapadacaqdır. Yürüşdə, həmçinin XJ Series II Coupe və X350 XJR modelləri də iştirak edəcəkdirlər. Yürüşün marşrutu Jaguar Classic və Bicenter Heritage mərkəzlərinin, həmçinin XJ modelinin və Jaguar markasının tarixində vacib rol oynamış Qudvud və Le Man trassalarının yaxınlığından keçəcəkdir.  

Jaguar XJ Series I

Artıq qeyd etdiyimiz kimi, XJ modelinin ilk nəslinin təqdimatı 1968-ci ildə Parisdə keçirilib. Orijinal XJ sedanı şirkətin banisi Uilyams Layonsun üzərində işlədiyi son sedan olub. 1968-ci ilin Jaguar XJ modeli 2,8 və yaxud 4,2-litrlik sıralı altısilindrli mühərrik ilə təchiz edilirdi. 1972-ci ildə XJ elektron alışma sistemi olan 5,3-litrlik V12 mühərriki ilə təchiz edilməyə başlamışdır.

Yubileyin şərəfinə hazırlanmış Jaguar XJ50 modeli cari ilin aprel ayında təqdim edilib. Sedan Autobiography modifikasiyasının bamperlərinə, xüsusi dizaynlı 20-düymlük təkər disklərinə, qara rəngli radiator barmaqlığına və rombşəkilli tikişləri olan oturacaqlara sahib olub. Yubiley sedanını standart və uzun baza, həmçinin 340 at qüvvəli benzin və 300 at qüvvəli dizel mühərrikləri ilə təklif edirlər.

Jaguar XJ50