Jeep həvəskarları səbirsizliklə Gladiator pikapının şou-rumlarda peyda olacağı günü gözləyirlər. Uzun müddətli fasilədən sonra, amerikan istehsalçısı pikaplar seqmentində çıxış etmək qərarına gəlib. Məlumdur ki, Ford və GM konsernləri də pikaplar satırlar. Hətta, “Mavi Oval” müştərilərinə Raptor indeksini daşıyan “bərkgedən” pikaplar da təklif edir. Məsələn, götürək elə Ford Ranger Raptor pikapını.

Koroğlu demişkən – “Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu!”.  Jeep şirkəti bu seqmentə ayaq basdısa, Ranger Raptor modelinə rəqib hazırlamağa məcburdur. Bu günlərdə Jeep Gladiator forumunun iştirakçıları amerikan istehsalçısının belə bir model üzərində çalışdığını və hətta prototipin hazır olduğunu belə söyləyiblər. Onların iddiasına görə, Gladiator pikapının “bərkgedən” modifikasiyası Hercules adlandırılaqdır. Xatırladaq ki, Jeep şirkətinin şef-dizayneri Mark Allen bir müddət bundan öncə, belə bir avtomobilin buraxılma ehtimalının yüksək olduğuna işarə etmişdi.

Əfsanəvi qəhrəman Herkulesin adını daşıyacaq pikapa “yaşıl işıq” yandırılarsa, onun 3,6-litrlik Pentastar mühərrikinin daha güclü variantı ilə təchiz ediləcəyindən şübhə etməmək olar. Hazırda, Gladiator modelində quraşdırılan bu aqreqat 286 at qüvvəsi və 353 Nm fırlanma anı təklif edir. Əlbəttə ki, "qaynar" pikapın dizel modifikasiyasının da olması mümkündür. 

Məlum məsələdir ki, Jeep Gladiator Hercules daha aqressiv görkəmə və yaxşılaşdırılmış yolsuzluq imkanlarına da malik olacaqdır. Bunu biz deyil, janrın qanunları tələb edir...