Hibrid güc qurğusu ilə təchiz edilən Jeep Wrangler 4xe modeli, demək olar ki, dörd ay bundan əvvəl debüt etsə də, amerikan markasının ən "yaşıl" ofrouderinin qiyməti yalnız indi məlum olub. ABŞ-da hibrid model, 47,995 dollardan başlayan qiymətlə Sahara 4xe və Rubicon 4xe versiyalarında təklif ediləcəkdir. Üstəlik, hibrid ofrouderin alıcısı 7.500 dollar məbləğində federal subsidiya da almaq hüququna malikdir.

Jeep Wrangler 4xe modelinin güc qurğusu 272 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli benzin turbomühərrikinə əsaslanır. Turbomühərrik iki elektrik mühərriki ilə tandemdə çalışır: 45 at qüvvəsi və 53 Nm fırlanma anına malik olan startyor-generator və səkkiz pilləli avtomatik ötürmələr qutusuna inteqrasiya edilmiş 136 at qüvvəli elektrik mühərriki.

Ofrouderin güc qurğusunun ümumi hasilatı 381 at qüvvəsi və 637 Nm fırlanma anı təşkil edir ki, bu da V8 mühərriki ilə təchiz edilmiş Wrangler Rubicon 392 modelində olduğundan 27 Nm çoxdur.

Elektrik mühərriki 17.3 kilovat-saat tutumu olan 400 voltluq nikel-kobalt-manqan batareyadan qidalanır və ofrouderə elektrik ötürməsi ilə 40 kilometrə qədər məsafə qət etməyə imkan verir. Hibrid güc qurğusu üç iş rejiminə malikdir: hibrid, elektrik və eSave. Birinci halda, həm 2,0-litrlik daxili yanma mühərriki, həm də elektrik mühərriki eyni vaxtda istifadə olunurlar. İkinci rejimdə turbomühərrik sönür və  ofrouder batareyanın cərəyanı kritik həddə çatana qədər elektrik mühərriki ilə hərəkət edir. Nəhayət, eSave rejimində isə, enerjiyə qənaət etmək məqsədilə, ofrouder yalnız DYM ilə hərəkət edir.

Ofrouderin batareya və mühərrikləri arasındakı naqillər də daxil olmaqla, bütün elektron sistemləri kip şəkildə örtülüb və su keçirmir. Buna görə də, Wrangelr 4xe modeli adi ofrouder kimi 76 santimetrə qədər dərinliyi ola su maneələrini dəf etməyə qadirdir.

Jeep Wrangler 4xe üç təchizat səviyyəsində təklif edilir: 4xe, Sahara 4xe və Rubicon 4xe. Standart və Sahara versiyalarında ofrouder iki pilləli Selec-Trac paylayıcı qutusu olan tam ötürmə sistemi ilə təchiz edilir. Rubicon, 4: 1 azalma nisbətinə, differensialların kilidlənməsinə və söndürülə bilən köndələn dayanıqlılıq  stabilizatoruna  malik olan Rock-Trac daimi tam ötürmə sistemini əldə edib.

Elektrikləşdirilmiş Wrangler modelini Electric Blue rəngində olan farkoplar, Jeep və Trail Rated emblemləri və salondakı tikişlər sayəsində tanımaq olar. Kapotdakı Rubicon yazısı da eyni rəngdədir.

Jeep Wrangler 4xe modelinin Avropa, Çin və ABŞ-dakı satışlarına 2021-ci ilin əvvəlində başlanmalıdır.