Kia Soul ailəsinin üçüncü nəsli Los Ancelesdə keçirilmiş avtosalonda tam tərkibdə debüt edib. Buna baxmayaraq, bəzi bazarlarda avtomobil müxtəlif modifikasiyalarda təklif ediləcəkdir. Məsələn, Avropada avtomobilin elektrik Soul EV modifikasiyasının təklif ediləcəyi artıq məlumdur.

Cənubi Koreyada isə istehsalçı avtomobili “qaynar” model kimi səciyyələndirmək niyyətindədir və hətta ona xüsusi ad da təsis edib – Kia Soul Booster. Soul Booster vətənində iki modifikasiyada təklif ediləcəkdir. Onlardan birincisi, GT-Line versiyasının zahiri görkəminə, həmçinin 204 at qüvvəli 1,6-litrlik T-GDI və yeddi pilləli iki muftalı “robota” sahib olacaqdır. İkinci modifikasiya isə tamamilə elektrik ötürməsi ilə hərəkətə gələcəkdir. 64 kVt-saatlıq batareya ilə təchiz edilən avtomobil 204 at qüvvəsi hasil edən elektrik qurğusuna malik olacaqdır.

 

Bu iki avtomobil barədə məlum olmayan onların dinamik göstəriciləridir. Kia Soul Booster marka dilerlərinin şourumlarında 2019-cu ilin birinci rübündə peyda olmalıdır. Bizim bazarda isə, böyük ehtimalla 1,6 və 2,0-litrlik atmosfer mühərriki ilə təchiz edilmiş Soul modelləri satılacaqdır. Koreya istehsalçısı hələ də bizim yanacağın keyfiyyətinə etibar etmir və turbomühərrikli modelləri bizim bazardan uzaq tutur.