Kia şirkətinin britaniya bölməsi və markanın Rüsselshaymdakı texniki mərkəzi unikal Stinger modelini hazırlayıblar. Yeganə nüsxədə inşa edilən avtomobil trek üçün nəzərdə tutulub və bu modelin potensialını nümayiş etdirmək məqsədi daşıyır. Trek avtomobili adi liftbekdən yüngül və güclüdür, həmçinin təkmilləşdirilmiş asqıya sahibdir.

Trek modeli Kia Stinger GT420 adlanır və bazasında inşa edildiyi Stinger GT-S liftbekdən 150 kq yüngüldür. Buna daxili panellərin, audiosistemin, arxa oturacaqların, panoram damın çıxarılması və yüngül Lite Box akkumulyatorunun (- 22 kq) quraşdırılması sayəsində nail olunub. Bununla yanaşı, Stinger modelinin salonunda orijinal təhlükəsizlik karkası və Sparco yarış oturacaqları quraşdırılıb.

Trek avtomobili 3,3-litrlik V6 tvin-turbo mühərriki ilə hərəkətə gəlir. Mühərrik yeni idarəetmə blokuna, sıfır müqavimətli K&N hava filtrinə, HKS M45il şamlarına və katalizatorsuz Milltek Sport buraxılış sisteminə sahib olub. Təkmilləşdirilmiş mühərrikin hasilatı 428 at qüvvəsinə və 560 Nm fırlanma anına qədər artırılıb.  Səkkizdiapazonlu avtomatik qutu Sport və Sport+ rejimlərində ötürmələri yeyinləşdirən yeni proqram təminatına və böyüdülmüş yağ radiatoruna malik olub.

Mühəndislər adaptiv amortizatorları Eibach Pro yayları olan passiv Mando dayaqları ilə əvəzləyiblər. Onlar ön təkərlərin mənfi əyilmə bucağını 2,5 dərəcəyə qədər artırıb və arxa hissədə sərtliyi artıran bir neçə tir quraşdırıblar. Nəhayət, standart stabilizatorlar daha qalınları, ön əyləclər isə, 380 mm rotorları olan altıporşenli Brembo mexanizmləri ilə əvəzləniblər. Avtomobil, Pirelli Trofeo-R şinləri taxılmış 19-düymlük OZ Racing Leggera diskləri ilə təchiz edilib.

Bununla belə, trek avtomobilinin dinamik xarakteristikaları açıqlanmayıb. Hər halda, Kia Stinger GT420 modeli 100 km/saat həddini 4.9 saniyədən tez toplayacaqdır.