Kia şirkəti Cənubi Koreyada dördüncü nəsil Carnival miniveninə sifarişlərin qəbul edildiyini açıqlayıb. Əvvəlki miniven bu sinfə məxsus olan birhəcmli nisbətlərinə sahib olsa da, yeni avtomobilin dizayn üslubu daha çox Kia markasından olan yeni krossoverlərin dizaynına daha yaxın olub.

Yolsuzluq avtomobillərin xas olan cizgilərə misal kimi, iri təkər tağlarını, vizual olaraq önə çıxan kapotu, kuzovun aşağı hissəsindəki rənglənməmiş plastikdən işləmələri, həmçinin 18 və ya 19 düymlük təkər disklərini göstərmək olar. Hətta koreyalılar, avtomobilin bazarda mövqeləndirilməsi üçün xüsusi termin də hazırlayıblar - Grand Utility Vehicle (GUV).

Bununla birlikdə sürüşən arxa qapılar qorunub saxlanılıb - indi onlar təkcə elektrik ötürməsi ilə deyil, həm də hərəkət sensorları ilə təchiz edilirlər. Qapıların işləmə prinsipi digər Kia modellərinin baqaj qapaqlarının iş prinsipi ilə eynidır: cibində açar olan şəxs qapıya bir neçə saniyəyə yaxın dayanırsa, elektrik ötürməsi avtomatik olaraq qapını açacaqdır.

Mağazadan əli dolu dönən zaman bu sistem avtomobil sahibinin yardımına gələcəkdir. Lakin, gərəksiz yerə işə düşmə ehtimalı da mövcuddur. Baqaj qapısı da maraqlı bir funksiyaya sahib olub: cibində açar olan şəxs avtomobildən müəyyən məsafəyə uzaqlaşdıqda, elektrik ötürməsi avtomatik olaraq qapağı bağlayır.

Yeni Carnival minivenin ölçüləri böyüyüb: modelin uzunluğu 5155 millimetr, eni - 1995 millimetr, hündürlüyü isə, 1740 millimetr təşkil edir. Beləliklə, yeni miniven sələfindən 40 millimetr uzun və 10 millimetr enli olub. Təkər bazası da 30 millimetr artaraq 3090 millimetrə çatıb. Avtomobilin ön çıxışı da qısaldılıbdır.

Əvvəllər olduğu kimi, Kia Carnival Cənubi Koreyada üç və ya dörd oturacaq cərgəsi ilə təklif ediləcəkdir. Miniveni yeddi, doqquz və ya on bir yerlik quruluşda sifariş etmək olar. Sonuncu halda, üçüncü və dördüncü cərgə üç sərnişini qəbul edə bilər. Ancaq digər bazarlarda başqa konfiqurasiyalar təklif oluna bilər.

Ən zəngin sayılan yeddi nəfərlik variantda, ikinci cərgədə, fərdi tənzimləmələrə, qızdırılma və havalandırma funksiyalarına, həmçinin qatlanan ayaq dəstəyinə malik olan fərdi oturacaqlar quraşdırılır.

Sərnişinlərin sərəncamında ayrı iqlimə nəzarət sistemi, ön oturacaqların arxasındakı ekranlar və həcmi 5.5 litr (+ 2,5 litr) olan mərkəzi soyuducu vardır. Bu qutu çıxarılandır - məsələn, piknik zamanı onu çıxararaq aparmaq olar. Bundan başqa, avtomobil hər bir cərgədə mikrofonları olan danışıq qurğusu ilə təchiz edilir.

Yeni miniven cari nəsil Kia Sorento krossoverinin bəzi elementlərinə, həmçinin vahid şüşə panel altında birləşdirilmiş virtual cihazlar panelinə və multimedia sisteminin sensorlu ekranına sahib olub. Hər iki ekranın diaqonalı 12,3 düymdür.

Bundan başqa, transmissiyanın şaybası və yeni sükan çarxı da diqqəti çəkir. Bununla belə, minivenin ön paneli üfüqi xətləri ilə seçilir. Zəngin versiyalarda ətraf işıqlandırması və 12 dinamikli Krell səs sistemi mövcuddur. Minivenin avadanlıq siyahısına adaptiv kruiz-kontrol, avtomatik əyləcləmə və zolaqda saxlama sistemləri daxil edilib.

Yeni Carnival modeli Kia Sorento krossoveri ilə eyni platformanı paylaşsa da, mühərrik və transmissya çeşidi barədə bunu demək olmaz. Miniven Cənubi Koreyada 294 at qüvvəsi və 355 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 GDI aqreqatı, həmçinin 202 at qüvvəsi və 441 Nm fırlanma anına malik olan 2,2-litrlik dördsilindrli turbodizel ilə təklif edilir.

Hər iki mühərrik yeni Smartstream ailəsinə aiddir və ənənəvi səkkiz pilləli avtomatik transmissiya ilə birlikdə çalışırlar. Ötürmə - ön oxadır. Bununla birlikdə, digər ölkələrdə fərqli mühərrik çeşidi təklif oluna bilər.

Yeni nəsil Kia Carnival modelinin Cənubi Koreyadakı satışlarına yaxın zamanda başlanmalıdır. Doqquz nəfərlik salona və V6 benzin mühərrikinə malik olan baza təchizatlı Carnival modelinin qiyməti 26.300 dollar təşkil edir. Dizellə təchiz edilmiş miniven isə min dollar bahadır. Zəngin təchizata malik olan yeddiyerli Carnival modelinin qiyməti 32.000 dollardan başlayır.