Kia şirkəti yenilənmiş Stinger fastbəki haqqında ətraflı məlumatla bölüşüb. Yenilənmiş modelin satışları sentyabr ayının sonuna qədər başlanmalıdır. Eksteryerdəki kiçik dəyişikliklər və iki üslub dəsti ilə yanaşı, yenilənmiş Stinger modeli yenidən nəzərdən keçirilmiş mühərrik çeşidini əldə edib.

Baza mühərriki sayılan 255 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli Theta II turbomühərriki dəyişməyib. Lakin, onunla 3,3-litrlik V6 mühərrikinin arasındakı boşluğu yeni 304 at qüvvəsi və 422 Nm fırlanma anına sahib olan Smartstream ailəsindən olan 2,5-litrlik T-GDi turbomühərriki tutub. Bu mühərrik Cənubi Koreya, ABŞ və Meksika bazarlarında satılacaq avtomobillərdə quraşdırılacaqdır.

İki turbokompressorlu 3,3-litrlik V6 mühərriki də kiçik dəyişikliyə məruz qalıb. Aqreqat, elektronika tərəfindən idarə edilən çəpərciyi olan buraxılış traktını əldə edib və nəticədə onun hasilatı üç at qüvvəsi artıb.  Beləliklə, modernləşdirilmiş mühərrik 373 at qüvvəsi və 510 Nm fırlanma anı təklif edir.

Hər üç mühərrik alternativsiz səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir.

Stinger modelində baş vermiş digər yeniliklər multimedia sisteminin ekranının ölçüsünün yeddi düymdən səkkiz düymə qədər artmasından və opsional 10,25-düymlük sensorlu displeyindən ibarətdir. Bundan başqa, avadanlıq siyahısına  4,2-düymlük rəqəmsal displeyi olan analoq cihazlar paneli və tamamilə rəqəmsal Supervision cihazlar paneli daxil edilib.

Eyni zamanda, bəzi bazarlarda Stinger modeli mobil tətbiq vasitəsi ilə mühərrikin məsafədən işə salınması və oturacaqların əvvəlcədən qızdırılması və ya havalandırması funksiyalarına sahib olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Kia Stinger üçün bir sıra yeni təhlükəsizlik sistemləri də nəzərdə tutulubdur. Bunlara misal kimi, qapıları açarkən yaxınlaşan avtomobil barədə xəbərdarlıq edən sistemi, BVM kor nöqtələrə nəzarət sistemini, HDA şosse kruiz-kontrolunu, həmçinin arxa cərgədəki uşaqların və ya heyvanların olduğunu xatırladan ROA sistemini göstərmək olar.

Bu arada, modelin sonrakı taleyi hələ də sual altındadır. Qlobal bazarlarda satış rəqəmləri Kia rəhbərliyinin gözləntilərinə cavab verməyib və güman etmək olar ki, şirkət Stinger modelinin konsepsiyanı tamamilə yenidən nəzərdən keçirməli olacaqdır. Seçimlərdən biri də Stinger modelini elektromobilə çevirməkdir.