Butalı köynəyi olan oğlanlar üçün super xəbərim var - Voljsk Avtomobil Zavodu məhdud saylı versiyada buraxılacaq xüsusi Lada 4x4 ofrouderini hazırlayır. Rus istehsalçısı bu ofrouderin həvəskarlarına onun “zil qara” versiyası olan Lada 4x4 Black modelini təklif etmək niyyətindədir.

AvtoVAZ şirkətinin daxilindəki mənbələr Lada 4x4 Black modelinin Urban xəttindən olan üç və beş qapılı versiyaların əsasənda hazırlanacağını bildiriblər. Xüsusi “zil qara” seriyasından olan avtomobillər qara rəngli kuzovu və beşqollu yüngül lehimli təkər diskləri, ön qanadlardakı qara emblemləri, həmçinin salonun yaxşılaşdırılmış tərtibat materialları, arxa pəncərələrin zavod tündləşdirilməsi və xüsusi dekor ilə seçiləcəkdirlər.

Salonun tavanı, günəşliklər, yuxarıdakı dəstəklər və ERA-GLONASS sisteminin bloku da qara rəngdə olacaqdırlar. Bundan əlavə, xüsusi versiya Black sözləri tikilmiş oturacaq üzlüklərini də əldə edəcəkdir. Böyük ehtimalla, “zil qara” Lada 4x4 modeli əlavə opsiyalar ilə də təchiz ediləcəkdir.

Texniki hissədə heç bir dəyişiklik gözlənilmir: Lada 4x4 Urban Black, 8 klapanlı 83 at qüvvəli 1,7-litrlik benzin mühərriki, aşağı pillə cərgəsi olan 5-pilləli mexaniki transmissiya və tam ötürmə sistem ilə təchiz ediləcəkdir. Maraqlıdır ki, 2016-cı ilin payızında Lada 4x4 Black Edition modifikasiyası təklif edilirdi, lakin o zaman AvtoVAZ bu versiyanı adi modelin bazasında hazırlamışdı.

Mənbə: AvtoVAZ News