AvtoVAZ şirkəti Lada Granta (VAZ-2192) hetçbekinin modifikasiyalarının sayını azaldıb. Yığcam hetçbek Standart baza versiyasından məhrum olub və ciddi şəkildə bahalaşıb - başlanğıc qiymətindəki artım təxminən 30 min rubl təşkil edib. Artıq hetçbek kuzovlu Granta modelinin qiyməti 535,500 rubldan (12,200 manat) başlayır. Modelin top versiyası isə 697,800 rubla (15,900 manat) başa gəlir.

İndi bütün Lada Granta hetçbekləri sükanın elektrik gücləndiricisi, bort kompüteri, hündürlüyü tənzimlənən sükan qolu, ön qapıların elektrik şüşəqaldıranları və arxa baş dayacaqları ilə təchiz edilirlər.

Keçən ilin oktyabr və noyabr aylarında hetçbek kuzovlu Lada Granta xətti ixtisara salınıb: o zaman, modifikasiya çeşidindən AMT "robotu" ilə təklif edilən versiya və mexaniki transmissiya ilə təchiz edilən top Luxe Prestige təchizat səviyyəsi ixtisara salınmışdı. AvtoVAZ şirkətinin mətbuat xidməti ən az tələb olunan versiyaların ixtisara məruz qaldığını vurğulayıb.

Hetçbek kuzovlu Granta modellərinin o qədər də populyar olmadığını qeyd etmək lazımdır: yığcam beşqapılı avtomobillər bu ailənin satışlarının təxminən iki faizini təşkil edir. Lada Granta alıcılarının yarısından çoxu sedanlara üstünlük verir, müştərilərin üçdə biri liftbekləri, qalanları isə universalları seçirlər.