Klassik Niva modelinin ən ekstremal versiyası sayılan Bronto modifikasiyası yenidən Lada model çeşidinə daxil edilib. 2009-cu ildə buraxılmasına başlanılan qeyri-adi ofrouder ilkin olaraq “Rıs” adlanırdı və Tolyatti şəhərində fəaliyyət göstərən Bronto firması tərəfindən hazırlanmışdı. Ancaq üç ildən sonra, Bronto firması AvtoVAZ şirkətinin tərkib hissəsi olan VIS-Auto müəssisəsi tərəfindən satın alındı. Növbəti bir neçə il ərzində “Rıs” tüninq modeli kimi satılsa da, 2017-ci ildə Lada 4x4 Bronto adı ilə zavodun rəsmi model çeşidinə daxil edildi.

Bronto versiyasının buraxılışına 18 ay bundan əvvəl son verilmişdi. Bunun əsas səbəbi onun donorunun modernizasiyadan keçməsi və yeni interyerə sahib olması idi. Artıq məlum olduğu kimi, Lada 4x4 modelinin adı Niva Legend olaraq dəyişdirilib və yalnız indi ən ekstremal versiya yeni Lada Niva Bronto adı ilə model xəttinə qayıdıb.

Bronto da yeni interyerə sahib olsa da, ekstremal ofrouderin əsas xüsusiyyətləri dəyişilməz qalıb. Bu xüsusiyyətlər 205-dən 240 millimetrə qədər artırılmış klirens, gücləndirilmiş ön yaylar və arxa körpü, artan gedişə malik olan amortizatorlar, məhdud sürtünməli təkərlərarası differensiallar və 235/75 R15 ölçülü MT şinləridir. 83 at qüvvəli 1,7-litrlik benzin mühərriki və beş pilləli ötürmələr qutusu standartdır.

Lada Niva Bronto yalnız üçqapılı kuzov ilə təklif olunur, seçim üçün iki təchizat səviyyəsi var. İlkin Luxe səviyyəsi orijinal Niva modelində olduğu kimidir: ABS, kondisioner, elektrik şüşəqaldıranlar, qızdırılan ön oturacaqlar və elektriklə tənzimlənən yan güzgülər. Belə ofrouder standart bamperlərə, təkər tağlarının genişləndiricilərinə və damdakı reylinqlərə malikdir.

Prestige təchizat səviyyəsinə malik olan ofrouder orijinal plastik bamperlər, duman əleyhinə işıqlar, yeni radiator barmaqlığı, təkər tağları və kandarlardakı plastik örtmələr ilə fərqlənir. Əlavə ödəniş qarşılığında sertifikatlaşdırılmış aksessuarlar (məsələn, damda quraşdırılan işıq paneli) və xüsusi "Kamuflyaj" rənginə boyama təklif olunur. Lada Niva Bronto modelinə sifarişlər artıq qəbul olunur, lakin satış qiymətləri hələlik açıqlanmayıb. İlk avtomobillərin dilerlərə çatdırılmasına avqust ayının sonunda başlanmalıdır. İlkin məlumatlara görə, Bronto modelinin Rusiyadakı satış qiyməti təqribən 900 min rubl ( 20.750 manat) olmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.