Lamborghini şirkətinin başçısı Stefano Domenikali italyan markasının dördüncü modeli barədə məlumatı açıqlayıb. Huracan, Aventador və Urus modelindən ibarət olan model cərgəsinə 2+2 oturacaq formulasına malik olan Gran Turismo avtomobili qoşulacaqdır.

Autocar dərgisinə müsahibə verən Domenikali Lamborghini markasının dördüncü modeli üzərində işlərin getdiyini bildirib. 2020-2025-ci illərdə markanın satışlarının artması halında qrand-turerə yaşıl işıq yandırılacaqdır. Hazırda şirkət bu istiqamətə sərmayə qoymaq iqtidarında deyil.

Dördyerli qrand-turerin necə ola biləcəyini Lamborghini 2008-ci ildə Estoque konseptinin timsalında nümayiş etdirib. Yeganə nüsxədə inşa edilmiş konsept, LM002 ofrouderindən sonra ilk öndə mühərriki olan Lamborghini  avtomobilidir. Lamborghini Estoque Gallardo modelinin 5,2-litrlik V10 mühərriki və yeddi pilləli «robot» ilə təchiz edilirdi. Seriya modelinin qiymətinin 230 min dollar olacağı ehtimal olunurdu.