Bir müddət bundan öncə Lexus şirkəti müəmmalı avtomobilin tizerini dərc etmişdi. Yapon istehsalçısı tizeri dərc etməklə kifayətlənərək, avtomobil haqqında məlumat verməmişdi. Bu gün isə, Lexus növbəti tizeri dərc etməklə, yeni modelin minivan olduğunu təsdiqləyib. Çox güman ki, Şanxayda debüt edəcək minivan, Çin bazarında satılmaq üçün nəzərdə tutulub. Məlumdur ki, yerli iş adamlarının dəbdəbəli minivenlərə qarşı xüsusi rəğbəti var və onlar belə avtomobilin arxa oturacağında səfər etməyi heç də ayıb saymırlar.

Keçən il Lexus şirkətinin Filippindəki ofisinin prezidenti premium markasının model xəttində minivenin peyda olacağını bildirmişdi. Bundan başqa, Lexus şirkəti Çində LM350 və LM350h nişanlarını qeydə alıbdir ki, bu nişanlar da nə sedan, nə də ki krossoverlər üçün xarakterik deyil.

Çin KİV-ləri yeni minivenin Toyota Alphard modelinin üzü dəyişdirilmiş versiyasının olduğunu bildirirlər. Əgər bu həqiqətdirsə, Lexus minivenin mühərrik çeşidi Alphard modelinə bənzər olacaqdır. Toyota Alphard 301 at qüvvəsi hasil edən 3,5-litrlik V6 mühərriki və 197 at qüvvəli 2,5-litrlik mühərrikin əsasında yaradılmış hibrid qurğu ilə təchiz edilir.