Azərbaycanlı avtomobilsevərlərin röyalarının avtomobili olan Lexus LX modeli yeni top modifikasiyaya sahib olacaqdır. Bu günlərdə yapon markası ABŞ-ın Patent və əmtəə nişanları bürosunda LX 600 əmtəə nişanını qeydə alıb. Yeni indeks populyar ofrouderin mühərrik çeşidində baş verəcək dəyişikliklərin carçısıdır desək, yanılmarıq.

Əmtəə nişanının ABŞ-da qeydiyyatdan keçməsi Lexus LX 600 modelinin Şimali Amerika bazarı üçün nəzərdə tutulduğuna işarə edir. Hazırda yapon ofrouderinin top versiyası olan LX 570 modeli 383 at qüvvəsi və 546 Nm fırlanma anı hasil edən 5,7-litrlik atmosfer V8 benzin mühərriki ilə təklif edilir. Bundan başqa, bəzi bazarlarda LX 450d modifikasiyasını almaq da mümkündür ki, bu variant da 272 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 4,5-litrlik dizel aqreqatına malikdir.

Ənənəyə görə, Lexus LX modelinin indeksi onun təchiz edildiyi mühərrikin həcminə işarə edir. Lakin, məlum olduğu kimi, nə Lexus, nə də ki onun sahibi olan Toyota şirkətinin mühərrik çeşidində 6,0-litrlik mühərrik mövcud deyil. Ekoloji tələblər sahəsindəki son tendensiyalara diqqət yetirsək, iri həcmli yeni mühərrikin hazırlanması o qədər də real görünmür. Böyük ehtimalla, LX 600 modifikasiyası hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Məsələn, bu aqreqat bayraqdar Lexus LS 500 sedanının hibrid qurğusu ola bilər. 3,5-litrlik V6 biturbomühərrəkinin əsasında yaradılmış hibrid qurğu 415 at qüvvəsi və 600 Nm hasil edir.

Bununla belə, LX 600 əmtəə nişanının ehtiyat üçün qeydə aldığını da istisna etməmək gərəkdir. Hazırki Lexus LX modeli artıq 11 ildir ki istehsal edilir və ofrouderin üçüncü nəslinin hazırlanması barədə şayiələr son zamanlar tez-tez səsləndirilir. Hər halda, yapon istehsalçının Tokyo avtosalonunda bu məsələyə aydınlıq gətirəcəyini ümid edirik.