Lotus şirkəti Williams Advanced Engineering firması ilə strategi əməkdaşlıq haqqında müqavilə imzalayıb. Tərəflər bu müqavilə çərçivəsində «müasir hərəkət texnologiyaları sahəsində tədqiqat və işləmələri» həyata keçirməyi planlaşdırırlar. Şayiələrə görə, Williams Lotus şirkətinə hiperkar inşa etməyə yardım edəcək. Əgər şayiələr doğrudursa, Bugatti Chiron və Aston Martin Valkyrie hiperkarlarını yeni rəqib gözləyir.

Bir müddət bundan öncə, yeni layihənin Omega adlandırıldığı barədə məlumat yayılıb. Tamçəkişli elektrik hiperkarı çoxmühərrikli güc qurğusu, həmçinin növbəti nəsil texnologiyalardan istifadə edilərək yaradılan və enerjinin saxlanılmasının yüksək sıxlığına malik olan batareyalar bloku ilə təchiz edilməlidir. Akkumulyatorlar yüksəksürətli terminallara qoşulmanı dəstəkləyəcək və hiperkarı 400 kilometrlik yürüş ehtiyatı ilə təmin edəcəkdir.

Bundan başqa, Lotus Omega hiperkarının ən mütərəqqi sistemlər ilə təchiz ediləcəyi ehtimal olunur. Bunlar, əyləcləmə zamanı ayrılan enerjinin rekuperasiyası və güc elektronikasının soyudulması sistemləridir.

Williams isə, Lotus şirkətinə elektromobillər üçün hazırlanmış FW-EVX modul arxitekturasının əsasını təşkil edən texnologiyaları verə bilər. Karbonplastikdən geniş miqyaslı istifadə sayəsində, bu platforma digər istehsalçıların platformalarından 40% yüngüldür. Karbondan başqa, platformanın konstruksiyasında daha müasir kompozit materiallardan istifadə edilib: bunlar, «yastı» 223 TM kompoziti və qətranın injeksion çilənməsi texnologiyası ilə yaradılmış Racetrack materialıdır.