Mazda şirkəti rotor mühərrikinin əsasında yaradılan XEV adlı hibrid güc qurğusunun üzərində işləyir. İlk təcrübələr bu qurğunu zərərli tullantıların səviyyəsinə qarşı ən sərt tələbləri irəli sürən ölkələrdə istifadə etməyin mümkünlüyünü göstərib.

Mazda tərəfindən təklif edilmiş ümumi arxitektura Toyota Prius modelində təklif edilən arxitekturaya bənzəyir. Platforma çox çevikdir ki, onu yumşaq hibridlərdə və sırf elektrokarlarda «məsafə artıran» kimi istifadə etmək olar. Rotor mühərrikinin yığcam ölçüləri onu elektromotor və generator ilə bir blokda birləşdirməyə imkan verir.

XEV platformasının nə zaman seriya avtomobillərində tətbiq ediləcəyi barədə yapon istehsalçısı heç bir məlumat verməyib. Qurğunun tətbiq edilmə spektri genişdir və əsas üstünlüyü xarakteristikalarının çevik şəkildə dəyişdirilməsidir. Bu qurğunu yeni mühərriklərin yaradılmasına böyük sərmayə qoymadan konkret regionun tələblərinə uyğunlaşdırmaq olar.