McLaren Automotive şirkətinin xüsusi layihələr üzrə ixtisaslaşmış McLaren Special Operations (MSO) bölməsi Şimali Amerika bazarı üçün nəzərdə tutulmuş 600LT Spider rodsterinin final seriyasını təqdim edib. Final seriyasından olan rodsterlər 12 nüsxəlik tirajla istehsal ediləcək və onlar Napier Green haşiyləri olan qara Borealis Black MSO Defined rənginə boyanacaqdırlar. Eksteryer tərtibatını hazırlayan dizaynerlər Avropada məskunlaşmış seqestriid ailəsinin ən iri nümayəndəsi olan zəhərli Segestria Florentina hörümçəyinin görünüşündən ilham alıblar.

Rodsterin tam adı McLaren 600LT Spider Segestria Borealis by MSO kimi yazılır. Onun ləqəbi isə Spider Spider-dir. Avtomobilin "burnundan" arxa hisssinə qədər uzanan parlaq yaşıl rəngli zolaqlar zirzəmi hörümçəyinin çənəsini təqlid edir (lat. Segestria Florentina). Kuzovun boyandığı əsas Borealis Black MSO Defined rəngi, işıqlandırma bucağını dəyişdirərkən dərin yaşıl, bənövşəyi və tünd qırmızı rənglərlə bərq vurur.  Bundan əlavə, rodster MSO Bespoke Napier Green rəngli əyləc supportları, parlaq qara rəngli alüminium təkər disklərini və arxa antiqanadın altına vurulan “hörümçək torunu” əldə edib.

Final seriyadan olan  McLaren 600LT Spider superkarları zəngin təchizatı ilə də seçilirlər. Belə ki,  tərkibinə karbondan hazırlanmış yüngül oturacaqlar və salon elementləri, titandan disk boltları və ön qanadlarındakı boyanmamış karbondan “qəlsəmələr” daxil  olan MSO Clubsport paketi superkarın standart təchizatına daxildir. Bundan əlavə, 12 dinamikli Bowers & Wilkins səs sistemi, trek telemetriyası kompleksi, arxa görüntü kamerası və ön oxun qaldırılması sistemi də “bazadadır”. Superkarın interyeri  də yaşıl haşiyələri olan qara rəngdə tərtib edilib və alkantara ilə üzlənib.

Bütün “uzunquyruqlu” McLaren 600LT Spider modelləri kimi, hörümçək-rodster 600 at qüvvəsi və 620 Nm fırlanma anı hasil edən 3,8-litrlik V8 tvin-turbo mühərriki və yeddi pilləli SSG “robotu” ilə təchiz edilir. Rodster 100 km/saat həddini toplamağa 2,9 saniyə sərf edir. Pirelli P-Zero Trofeo R şinləri ilə təchiz edilmiş rodster , kompozit materiallardan hazırlanmış üç hissəli açılan sərt dama malikdir . Damın qatlanmasına 15 saniyə vaxt tələb olunur və bu əməliyyatı 40 km/saat həddinə qədər sürətlərdə həyata keçirmək mümkündür.

McLaren 600LT Spider Segestria Borealis by MSO modelinin tövsiyə olunan pərakəndə qiyməti 275 500 dollar təşkil edir.