Mercedes-AMG bölməsi yeni nəsil C63 modelinə olan marağı artırmağa davam edir. “Bərkgedən” sedanın yeni nəslinin hibrid güc qurğusu ilə hərəkətə gələcəyi və yalnız 4Matic tam ötürmə sistemi ilə təchiz ediləcəyi məlumdur. Bununla belə, alman istehsalçısı yeni “bərkgedən” sedanın dinamik xarakteristikalarını açıqlamasa da, onun debüt tarixini səsləndirib. BMW M3 modelinin rəqibi sabah təqdim olunacaqdır. Hələlik isə, alman istehsalçısı yeni modelin növbəti tizerini dərc edib.

Mercedes-AMG C63 modelinin yeni nəsli 510 at qüvvəli 4,0-litrlik V8 mühərrikinin əvəzinə, tərkibinə 48-voltluq startyor-generator və elektrik turbokompressoruna malik olan 2,0-litrlik dördsilindrli turbomühərrik və arxa oxda yerləşən 204 at qüvvəli elektrik mühərriki daxil olan hibrid güc qurğusunu alacaqdır. Güc qurğusunun ümumi hasilatı 670 at qüvvəsi olmalıdır. İstehsalçı avtomobilin dinamik xarakteristikalarını açıqlamasa da, ekspertlər “bərkgedən” sedanın 100 km/saat həddini təxminən 3,5 saniyəyə toplayacağını hesab edirlər.

Image alt Image alt

Yayımlanmış tizerdə qırmızı rəngə boyanmış kuzovu olan sedanın silueti nümayiş etdirilir. “Bərkgedən” sedanın yeni nəslinin təqdimatı 21 sentyabr tarixində keçirilməlidir. Bundan başqa, Mercedes-Benz C63 modelinin kupe və kabriolet versiyalarını yeniləməyəcək və onları CLE 63 indeksli modellə əvəzləyəcəkdir. May ayının sonunda AMG bölməsi Nürbuqrinqdə yeni modelin kamuflyaja bürünmüş versiyasını nümayiş etdirərək müəyyən detalları açıqlamışdı.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.