Mini şirkəti Paris avtosalonunda iştirak etməsə də, Cooper S modelinin Fransa bazarına ünvanlanan eksklyuziv GT Edition variantını təqdim edib. 150 nüsxəlik məhdud sayda tirajla satılacaq “qaynar” hetçbek 1969 – 1980-ci illərdə buraxılmış Mini 1275 GT yarış avtomobilinə həsr edilib.

Mini Cooper S GT Edition hetçbeki Midnight Black Metallic rəngli kuzova, boz və qırmızı zolaqlara, “GT” emblemlərinə, qırmızı rəngli spoylerlər və akula üzgəcinə bənzər antennaya sahib olub. Əlavə fənərlər və ağ rəngli dönmə işıqları 1275 GT modelinin idman irsindən xəbər verir.

Xüsusi seriyadan olan “qaynar” hetçbek 18-düymlük John Cooper Works Spacecraft təkər diskləri və John Cooper Works Aerodynamic Kit kuzov dəstinə də sahib olacaqdır.

Mini Cooper S GT Edition modelinin salonunda “GT” yazılarını və ön panelin sərnişin tərəfində həkk edilən “GT Limited Edition” sözlərini görmək olar. Yeri gəlmişkən, qapılar açılan zaman GT loqotipi yer səthində də işıqlandırılır.

Xüsusi seriyadan olan avtomobillərin Mini Cooper S modifikasiyasının bazasında hazırlandığını nəzərə alsaq, onların zəngin baza təchizatına malik olduğunu da söyləmək olar. Cooper S GT Edition modelinin təchizatına ikizonalı klimat-kontrol, arxa kamera, naviqasiya sistemi, əyləcləmə funksiyası olan kruiz-kontrol, dəri ilə üzlənmiş  JCW idman oturacaqları və panoram lyuk daxildir.

Mini Cooper S GT Edition modelinin satış qiyməti 35900 avrodan başlayır.

Image alt Image alt Image alt