Bu günlərdə İsveçdə avtomobil “ovuna” çıxan paparazzilərə yenilənmiş Mitsubishi Pajero Sport ofrouderinin kamuflyajlı prototipləri rast gəlib. Xatırladaq ki, modelin cari nəsli 2015-ci ilin yayında debüt edib. Bu il yenilənmiş modelin təqdim ediləcəyi gözlənilir.

Şəkillərdən də göründüyü kimi, ofrouderin işıq texnikası, radiator barmaqlığı və bamperləri dəyişikliklərə məruz qalacaqdır. Ön fənərlərin Eclipse Cross və yenilənmiş L200 pikapında olduğu kimi iki mərtəbəli formaya malik olacağı ehtimal edilir.

Avtomobilin arxa fənərlərinin də dizaynı da dəyişməlidir. Məlumdur ki, Pajero Sport modelinin seçilən cəhətlərindən biri onun “axan” arxa fənərləri idi. Yenilənmiş ofrouderə baxdıqda bu mübahisəli dizayndan imtina edildiyi kimi görünür.