Mitsubishi şirkəti ikinci nəsil ASX modelinin yeni tizerlərini dərc edərək, populyar krossoverin xüsusiyyətlərini açıqlayıb. Yeni krossoverin satışa çıxacağı ilk bazarın Avropa olduğu bildirilib.

Növbəti nəsil ASX modelinin Avropada satılan Renault Captur ilə əlaqəli olacağı barədə şayiələr də təsdiqini tapıb - bu, yapon avtomobil istehsalçısına nəinki yeni modelin işlənib hazırlanması, habelə onun istehsalının başlanmasına çəkilən  xərclərə qənaət etməyə (istehsal Renault şirkətinin zavodunda təşkil olunacaqdır)imkan verəcək, eyni zamanda, Avropadakı sertifikatlaşdırma prosesini asanlaşdıracaqdır.

Carscoops nəşrinin məlumatına görə, ikinci nəsil Mitsubishi ASX krossoverinin baza versiyası Avropada altı pilləli mexaniki transmissiya ilə tandemdə çalışan 91 at qüvvəli 1,0-litrlik benzin mühərriki ilə təklif olunacaqdır.

Alternativ olaraq, mexaniki ötürmələr qutusu və ya yeddi pilləli preselektiv “robot” ilə tandemdə çalışan 158 at qüvvəli 1,3-litrlik “turbodördlük” təklif ediləcəkdir. Nəhayət, modifikasiya çeşidinin zirvəsində tərkibinə 1,6-litrlik atmosfer benzin mühərriki, elektromotor və 10,5 kilovat-saatlıq litium-ion batareyası daxil olan 145 at qüvvəli hibrid güc qurğusu ilə hərəkətə gələn versiya yerləşəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Mitsubishi ASX modelinin dizaynına gəlincə, qeyri-rəsmi məlumatlara görə o, 2015-ci ilin Mitsubishi eX konsepti üslubunda dizayna malik olacaqdır. Dərc olunmuş tizerlərdən belə nəticəyə gəlmək olar ki, cari modellə müqayisədə yeni krossoverin kuzovu daha çox kupeyə bənzəyəcək, ön hissənin dizaynı isə, həqiqətən də yeddi il əvvəl göstərilmiş şou avtomobilini xatırladacaqdır. Mitsubishi loqotipi çox güman ki, radiator barmaqlığından kapotun ucuna keçəcəkdir.

Mitsubishi ASX modelinin cari nəsli 2010-cu ildən istehsal olunur və krossover üç il əvvəl sonuncu dəfə restylinqdən keçib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.