Mitsubishi şirkəti 1962-ci ildən 2013-cü ilə qədər istehsal olunmuş subkompakt Colt modelini dirçəltmək qərarına gəlib. Yeni hetçbek Renault Clio modelinin platformasında inşa ediləcək və E-Tech hibrid güc qurğusu da daxil olmaqla geniş mühərrik çeşidini alacaqdır. Yeni Mitsubishi Colt modeli 2023-cü ilin payızında Avropa bazarına çıxmalıdır. Bildiyimiz kimi, bu il orijinal Colt 600 modelinin 60 illik yubileyi qeyd olunacaqdır, odur ki, yeni model 2022-ci ildə də debüt edə bilər.

Yeni Mitsubishi Colt haqqında rəsmi məlumat çox azdır. Hetçbekin əsasını CMF-B platforması təşkil edəcəkdir. Bir sözlə o, Renault Clio və Nissan Micra modellərinin yaxın qohumu olacaqdır. Model beşqapılı kuzova, gizli arxa qapı tutacaqlarına və hibrid güc qurğusuna sahib olacaqdır. Yeni Colt modelinin yeganə tizerindəki “Hybrid EV” emblemi məhz buna işarə edir. Böyük ehtimalla, söhbət Clio modelində 140 at qüvvəsi hasil edən, 1,6-litrlik atmosfer mühərrikinin əsasında yaradılmış ardıcıl - paralel E-Tech sistemindən gedir.

Əslində, mühərrik çeşidi daha geniş ola bilər, lakin hələlik şirkətdə yalnız benzin-elektrik qurğularından, o cümlədən plagin hibridlərdən danışırlar. Yeni Colt hetçbeki növbəti nəsil ASX krossoverinə qoşulacaqdır. Hər iki model avropalı alıcıların tələbləri nəzərə alınmaqla hazırlanıb və onları  Köhnə Dünyada istehsal edəcəklər. Çox güman ki, Colt və ASX modellərini İspaniyanın Valyadolid şəhərindəki Renault zavodunda yığacaqlar .

Əvvəlki, altıncı nəsil Mitsubishi Colt hetçbekinin Avropada satılan versiyası, ömrünün sonunda, 1,1-litrlik (75 at qüvvəsi, 100 Nm) və 1,3-litrlik (95 at qüvvəsi, 125 Nm) atmosfer mühərrikləri ilə təchiz edilirdi. Hetçbekin Ralliart versiyası isə, 1,5-litrlik (150 at qüvvəsi, 210 Nm) "turbodördlük" ilə təklif olunurdu. Transmissiyanın seçimi mühərrikdən asılı idi – bu, beş pilləli mexaniki ötürmələr qutusu və ya altı pilləli "robot" ola bilərdi.

Mitsubishi Colt modeli üçün ən uğurlu il 2006-cı il olub – həmin il avropalılar 70 mindən çox Colt alıblar. Lakin sonradan satışlar azalmağa başlayıb və son istehsal ilində bu rəqəm təxminən səkkiz min ədəd təşkil edib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.