Bu gün İnternet şəbəkəsində Rolls-Royce şirkətinin yeni avtomobil hazırladığını təsdiq edən tizer dərc edilib. Qeyd etmək gərəkdir ki, şəkildəki sirli avtomobil Britaniya markasının digər modellərindən ciddi şəkildə fərqlənir. Şəkli dərc edən CarScoops nəşri, yeni avtomobilin qapılarının yuxarı açan "qağayı qanadları" formasında ola biləcəyini güman edir.

İlk baxışdan naməlum modelin mövcud olan Rolls-Royce modellərindən daha kiçik olduğu diqqəti çəkir. Sirli avtomobil daha yığcam ölçülərə malikdir, ikiqapılıdır, eyni zamanda, onun yan güzgüləri kameralarla əvəzlənmişdir. Çox güman ki, naməlum avtomobil Rolls-Royce şirkətinin zəngin müştərilərindən birinin sifarişi ilə yeganə nüsxədə inşa edilmiş unikal bir avtomobildir.

Şirkətin arsenalında atrıq xüsusi sifarişlə yeganə nüsxədə inşa edilən avtomobillər vardır. Buna misal kimi, 2017-ci ildə nümayiş etdirilmiş Sweptail kupesini göstərmək olar. Həmin avtomobil sahibinə 10 milyon funt sterlinqə başa gəlmişdi. Xatırladaq ki, Sweptail kupesi Rolls-Royce Phantom Coupe modelinin əsasında inşa edilmişdi.

Böyük ehtimalla, Rolls-Royce şirkəti yeni avtomobili 16 avqust tarixində Pebble Biçdə keçiriləcək 70-ci Zəriflik müsabiqəsində nümayiş etdirməyi planlaşdırırdı. Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbindən müsabiqəni keçirməmək qərara alınıb, növbəti müsabiqə isə yalnız 2021-ci ildə baş tutacaqdır. Böyük ehtimalla, Britaniya istehsalçısı avtomobili yaxın günlərdə onlayn şəkildə təqdim etməli olacaqdır.