Nissan şirkəti 15 iyul tarixində Ariya elektrik krossoverini təqdim etməyə hazırlaşır. Yapon şirkəti təqdimatöncəsi Ariya modelinin yeni videotizerini dərc edib. Videoçarxda elektromobilin qarlı çöllərdəki və asfaltlı yollardakı test yürüşlərindən kadrlar öz əksini tapıbdır. Çarxın sonunda avtomobilin qaranlıqdakı silueti, bumeranq şəkilində olan gündüz hərəkət işıqları və LED fənərləri əks etdirilir.

Tesla Model Y ilə rəqabət aparacaq yeni elektrik krossoveri, keçən il Tokyo avtosalonunda nümayiş olunan eyni adlı konsept ilə demək olar ki, bənzərdir. Konsept isə, öz növbəsində, bir sıra cizgilərini daha əvvəl nümayiş etdirilmiş Nissan IMx prototipindən götürmüşdür.  Tizerdə, Ariya krossoverinin konseptdəkinə bənzəyən hava girişlərinə, həmçinin yan ətəklərdəki və təkər tağlarındakı qara plastik əlavələri aldığı görünür.

Nissan Ariya elektrik avtomobilləri üçün hazırlanmış yeni CMF-EV platformasına əsaslanır. Krossover hər oxda biri quraşdırılmış, iki Nissan e-4ORCE elektromotorlarından ibarət olan güc qurğusu ilə hərəkətə gəlir. Krossover, sükanın tutulmasına ehtiyac duymayan ProPilot 2.0 magistral avtopilotunu da əldə edib. Sistem həmçinin çox zolaqlı avtomobil yollarından çıxmağı və avtomobili məsafədən park etməyi bacarır.

Nissan Ariya modelinin ilk satış bazarı doğma Yaponiya olacaqdır. Sonradan avtomobil digər ölkələrdə - Çin, Avropa və ABŞ-da təklif ediləcəkdir.