Noyabr ayında keçiriləcək Los-Anjeles avtosalonunda Nissan şirkəti yenilənmiş Maxima sedanını nümayiş etdirməyi planlaşdırır. Yenilənmiş Nissan Maxima eksteryerdəki yeniliklərə və genişləndirilmiş təchizat səviyyəsinə sahib olacaqdır.

Nissan şirkəti son zamanlarda dəbdə olan tizer bombardımanı üsuluna əl atmayıb və yenilənmiş Maxima modelinin yeganə fotoşəklini dərc edib. Təsvirdən də göründüyü kimi, sedanın zahirincə baş vermiş dəyişikliklər cüzi xarakter daşıyır: yenilənmiş sedan işıqdiodlarında ön fənərlərə və radiator barmaqlığının V-şəkilli xrom əlavəsinə sahib olub.

Bununla belə, yapon istehsalçısı yenilənmiş sedan barədə ətraflı məlumat verməyib. İstehsalçı sedanın avadanlıq siyahısına Safety Shield 360 təhlükəsizlik sistemləri kompleksinin daxil edildiyini bildirib.  Bu kompleksin tərkibinə piyadanı aşkarlama funksiyasına malik olan avtomatik əyləcləmə sistemi, hərəkət zolağına nəzarət sistemi, avtomatik uzaq işıqlar, kor zonalara nəzarət, dayanacaqdan arxa hərəkətlə çıxan zaman perpendikulyar istiqamətdə gələn nəzliyyat vasitəsi barədə xəbərdarlıq sistemi və arxaya hərəkət zamanı avtomatik əyləcləmə funksiyası daxildir. Bundan başqa, sedanın səkkiz düymlük ekranı olan multimedia sisteminə də sahib olacağı ehtimal edilir.

Nissan Maxima 300 at qüvvəsi hasil edən 3,5-litrlik V6 mühərriki ilə təchiz edilir. Çox güman ki, modelin mühərrik çeşidində elə də ciddi dəyişiklik olmayacaqdır.