Çoxdan gözlənilən növbəti nəsil Toyota Land Cruiser ofrouderi üç V6 mühərriki ilə təklif ediləcək: benzin, dizel və hibrid. Qeyri-rəsmi olaraq Land Cruiser 300 adlandırılan yeni Toyota ofrouderinin nəsil dəyişməsi ilə V8 mühərriklərindən məhrum olacağı barədə şayiələr dolaşmaqdadır. Söhbət həm benzin, həm də dizel aqreqatlarından gedir.

Bunun qarşılığında ofrouderin ekoloji cəhətdən daha təmiz və qənaətcil V6 mühərriklərinə keçəcəyi vəd olunur. Toyota şirkətindəki mənbələrinə istinad edən «Autoweek» nəşri bu məlumatı təsdiqləyir və yeni LC 300 modelinin üç V6 mühərrikini alacağını bildirir: 3,5-litrlik benzin turbomühərriki, onun daha güclü hibrid versiyası və 3,3-litrlik turbodizel.

Yeni Land Cruiser modelinin ölçüləri cari ofrouder ilə təxminən eyni olacaqdır: avtomobil uzunluğu təxminən 20 millimetr, eni - beş millimetr artacaq, hündürlüyü isə 10 millimetr azalacaq. Avtomobilin təkər bazası da 50 millimetr geniş olacaqdır.

Eyni zamanda, Toyota yeni ofrouderi daha utilitar və əlçatan etməyi planlaşdırır - nəticədə avtomobil dünyada daha populyar olacaqdır. Yeni nəsil Toyota Land Cruiser modeli bu ilin aprelin ayında debüt edə bilər.