Növbəti nəsil Toyota Land Cruiser ofrouderi səkkiz silindrli mühərriklərdən məhrum ediləcəkdir. Bu barədə “CarAdvice” nəşrinə yapon istehsalçısının Avstraliya bölümünün planlaşdırma və məhsul hazırlanması şöbəsinin rəhbəri Bernard Nadal bildirib.

 “Əksər brendlər V8 mühərriklərindən imtina edirlər, - Nadal bəyan edib. – Bunun səbəbi yanacaq sərfiyyatı göstəricilərinin yaxşılaşdırılması və CO2 tullantılarının səviyyəsinin azaldılmasıdır. Bu tendensiya qlobal xarakter daşıyır”.

Toyota şirkətinin Land Cruiser modelində səkkiz silindrli benzin və dizel aqreqatlarından imtina edəcəyi barədə şayiələr keçən il peyda olmuşdu. O zaman, amerikan bölməsi bu şayiəni təkzib etmişdi. İndi isə, belə bir addımın atılacağına şirkətin top-menecerlərindən biri işarə edib.

2021-ci ildə debütü gözlənilən yeni Land Cruiser ofrouderinin yalnız V6 mühərrikləri ilə təklif ediləcəyi ehtimal olunur. Şayiələrə görə, model 415 at qüvvəsi hasil edən 3,5-litrlik biturbomühərriklə təchiz edilə bilər. Hazırda bu mühərrik Lexus LS 500 sedanında quraşdırılır. Dizel aqreqatlarına gəldikdə isə, hazırda Toyota belə V6 dizelinə malik deyildir. Prado və HiLux modellərində quraşdırılan 2,8-litrlik dizel mühərriki dörd silindrə malikdir. Əlbəttə ki, hibrid güc qurğusunun da təklif olunacağı istisna edilmir.