Skoda şirkəti 2021-ci ildə işıq üzü görəcək yeni nəsil Octavia RS modelini hibrid güc qurğusu ilə təchiz etməyi düşünür. Çex şirkəti elektrikləşdirmə məsələsində ciddidir və gələn il Superb flaqmanının məişət şəbəkəsinə qoşulan variantını təqdim etməyə hazırlaşır. Bundan sonra isə növbə Kodiaq RS krossoverinə çatacaqdır.Bu barədə məlumatı, "Autocar" nəşrinə verdiyi müsahibəsində çex şirkətinin tədqiqatlar və işləmələr şöbəsinin rəhbəri Kristian Ştrube səsləndirib.

Xatırladaq ki, Octavia RS modelinin ən güclü variantı RS 245 modifikasiyasıdır.  Octavia RS245 adından da göründüyü kimi 245 at qüvvəli 2,0-litrlik dörd silindrli turbomühərriklə təchiz edilir. Bu o deməkdir ki, çex istehsalçısının «qaynar» modeli heç də Volkswagen Golf GTI Performance modelindən geri qalmır.  Eyni zamanda, RS 230 modelindən 15 at qüvvəsi güclü olan yeni RS 245 modifkasiyası əlavə 20 Nm fırlanma anına da sahib olubdur.

Beləliklə, Octavia RS 245 modelinin kapotu altında yerləşmiş 2,0-litrlik turbomühərrikinin fırlanma anı 370 Nm-ə qədər artırılıbdır.

Təkmilləşdirilmiş güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə yanaşı, yeddi diapazonlu iki muftalı robotlaşdırılmış DSG qutusu ilə də təklif edilir. Liftbek kuzovlu Şkoda Octavia RS 245 modeli 100 km/saat həddinə sürətlənməyə 6.6 saniyə vaxt sərf edir.

Bir qədər artıq çəkiyə malik olan universal kuzovlu avtomobilə isə, bu həddə çatmağa 6.7 saniyə tələb olunur. Hər iki modelin maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılıbdır.

Şkoda Octavia RS 245 modeli standart təchizatına elektronika ilə idarələnən yüksək sürtünməli differensial daxildir ki, bu da onu RS 230 modifikasiyasından fərqləndirən elementlərdən biri olacaqdır. Eyni zamanda, Ocatvia RS 245 modeli 14 millimetr azaldılmış klirensə və 38 millimetr genişləndirilmiş arxa təkər izinə malik olubdur.

Zahiri cəhətədən RS 230 modeli ilə RS 245 variantı arasında çox cüzi fərqlər vardır: bunlar qara rəngli parlaq eksteryer elementləri, 19-düymlük xüsusi təkər diskləri və salondakı dekorativ işləmərdir.