İnternet şəbəkəsində yeni nəsil Land Rover Defender modelinin xarici görkəmini açıqlayan Lego Technic seriyasından olan oyuncağın şəkli peyda olub. Xatırladaq ki, əsl avtomobilin təqdimatı sentyabr ayında baş tutmalıdır.

The Brothers Brick saytının bildirdiyinə görə, oyuncaq dəsti «əfsanəvi avtomobilin surəti» olacaqdır. Qeyd etmək lazımdır ki, oyuncaq avtomobilin dizaynı həqiqətən də növbəti nəsil Land Rover Defender modelinə bənzərlik daşıyır. Saytımız dəfələrlə yeni avtomobilin kamuflyajlı şəkillərini dərc edib. Onlara baxsaq konstruktorun real avtomobil ilə olan bənzər cəhətlərini görmək olar. Məsələn, dam xətti, kvadrat formalı ön hissə, radiator barmaqlığı və emblemin yerləşməsi. Yeganə fərq oyuncaqda yumru fənərlərin və bucurqadın olmasıdır.

Lego Technic dəsti 2573 detaldan ibarət olacaqdır. Oyuncaq avtomobil işləyən bucurqada və sükan mexanizminə, üç differensiala və müstəqil asqıya malik olacaqdır. Oyuncaq Land Rover Defender modelinin uzunluğu 42 sm, eni - 20 sm, hündürlüyü isə 22 sm olacaqdır. Rəsmi olaraq dəstin qiyməti açıqlanmayıb. The Brothers Brick oyuncağın qiymətinin 149,99 funt sterlinq olacağını ehtimal edir.