Peugeot şirkəti yeni nəsil 208 hetçbeki barədə məlumatı açıqlayıb. Model yeni eksteryer dizaynına, üçölçülü rəqəmsal cihazlar paneli olan i-Cockpit interyer arxitekturasına, yenilənmiş mühərrik çeşidinə və elektrik modifikasiyasına sahib olub.

Peugeot 208 modelinin yeni nəsli CMP (Common Modular Platform) modul platformasında inşa edilib. Bu platformadan DS 3 Crossback modelinin istehsalında istifadə edilir. Bundan başqa, Opel Corsa modelinin yeni nəslinin əsasını da CMP platforması təşkil edəcəkdir. Bu platforma əvvəlki PF1 şassisindən 30 kiloqram yüngüldür və elektronika ilə idarələnən hava girişlərinə, həmçinin sürtünmədən itkiləri optimallaşdıran asqıya malikdir. Bundan başqa, CMP platforması elektrik mühərriklərinin quraşdırılması üçün uyğunlaşdırılıb.

Peugeot e-208

Yeni hetçbekin dizaynı daha idmansayağıdır. Bu, alın şüşəsinin arxa tərəfə yerdəyişməsi və müvafiq olaraq kapotun uzadılması sayəsində əldə olunub. Yeni nəsil Peugeot 208 tamamilə işıqdiodlarından hazırlanmış optikaya malikdir. Peugeot e-208 elektrokarını kuzovun rənginə uyğun rənglənmiş radiator toruna və baxma bucağından asılı olaraq, rəngini dəyişən şir emblemi sayəsində ayırd etmək mümkündür.

208 modelinin mühərrik çeşidinə 75,100 və 130 at qüvvəsi hasil edən 1,2-litrlik üç silindrli turbomühərrik, həmçinin 100 at qüvvəli 1,5-litrlik BlueHDi dizel aqreqatı daxil edilib. Ən zəif benzin mühərriki beş pilləli mexaniki, 100 at qüvvəli variant altı pilləli mexaniki və səkkiz diapazonlu “avtomat”, 130 at qüvvəli mühərrik isə, yalnız “avtomat” ilə təchiz edilir. Dizel aqreqatı alternativsiz olaraq altı pilləli mexaniki qutu ilə təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Peugeot e-208 elektrokarı 139 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən elektrik mühərriki ilə təchiz olunur. 50 kilovat-saatlıq həcmə malik olan batareya döşəmənin altında yerləşdirilib. Peugeot e-208 ilk “yüzlüyə” 8,1 saniyəyə sürətlənir və dolu batareya ilə 340 kilometr (WLTP) qət edə bilər.Batareyanın məişət şəbəkəsindən doldurulmasına 16 saat, 11 kilovatlıq Wall Box-dan isə, 5 saat 15 dəqiqə vaxt tələb olunur. 100 kilovatlıq yükləmə stansiyasında istifadə etdikdə batareyanın 80 faizinin doldurulmasına 15 dəqiqə kifayət edir. Bu prosesi smartfondakı MyPeugeot tətbiqi vasitəsi ilə idarə etmək mümkündür.

Hetçbekin salonunda Peugeot Fractal konseptindən ilham alınaraq yaradılan i-Cockpit arxitekturasının növbəti nəsli quraşdırılıb. Bu, 3D cihazlar panelinə məxsus olan üç pilləli strukturdur. Yuxarı hissə məlumatları holoqram formasında əks etdirir. Mərkəzi ekranı isə, üç olçüdə - beş, yeddi və on düymlük formatda sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Peugeot 208 hetçbekinin təchizatına 17-düymlük təkər diskləri, tavanın qara parça ilə tərtibatı, salonun ətraf işıqlandırması, idman oturacaqları, pedalların alüminiumdan örtükləri daxildir.Peugeot e-208 modelinin oturacaqları qismət alkantara ilə üzlənir. Avtomobilin təhlükəsizlik avadanlıqları siyahısına adaptiv kruiz-kontrol, zolağa nəzarət funksiyası, parkinq köməkçisi, yol nişanlarının tanınması sistemi, 65 km/saat sürətinə qədər sürətlərdə çalışan zolaqda saxlama və kor zonalara nəzarət sistemi daxil edilib.

Peugeot 208 modelinin multimedia sistemi Apple CarPlay, Android Auto və MirrorLink tətbiqlərini dəstəkləyir. Mərkəzi konsolda smartfonların induksion doldurulması meydançası və dörd USB girişi mövcuddur. Modelin istehsalına bu ilin payızında başlanacaqdır.