Peugeot şirkəti Paris avtosalonunda nümayiş etdirəcəyi yeni “radikal” konsept avtomobilinin ilk tizerini dərc edib. Bu konseptin Parisdə nümayiş etdiriləcəyi barədə ilk məlumatı şirkət rəhbəri Jan-Filipp İmparato may ayında vermişdi.

Tizerdən göründüyü kimi, konset əfsanəvi Peugeot 504 Coupe modelinin müasir interpretasiyası olacaqdır. “Autocar” nəşrinə müsahibəsində İmparato konsepti “görkəmli və radikal” adlandırıbdır. Bir müddət bundan öncə o, öz tvitterində avtomobil üzərində işlərin iki ildir ki aparıldığını bildirib. Böyük ehtimalla, prototip yeni seriya modelinin carçısı olacaqdır. Konseptin hibrid və ya elektrik güc qurğusu ilə təchiz ediləcəyi də güman edilir. İlkin məlumata görə, yeni prototip Peugeot 508 liftbekinin bazasında inşa edilə bilər. Bu modelin artıq Peugeot 504 və 504 Coupe modelləri ilə ümumi cəhəti vardır – modelin adını göstərən kapot üzərindəki emblem. Konsept Peugeot şirkətinin model xəttinin elektrikləşdirilməsi proqramının bir hissəsi olacaqdır.

Məlumdur ki, 2019-cu ildən başlayaraq hər bir model benzin, dizel, hibrid/elektrik mühərriki ilə təklif ediləcəkdir. Belə ki, 3008 krossoveri və 508 sedanı qoşulan hibrid, 208 modeli ilə sırf elektrik güc qurğusu ilə təklif ediləcəkdir.