Porsche markasının yarış tarixinin çox sayda uğur dolu səhifələri mövcuddur və arzu olunarsa, onların hər birini pula çevirmək mümkündür. Necə? Bu sualın oldduqca sadə bir cavabı var - xüsusi versiyaların buraxılması və yaxud müasir sportkarı yarışların qalibi olan klassik yarış avtomobilinə bənzətmək yolu ilə…

Porsche şirkətinin Yaponiya nümayəndəliyi sonuncu fəndi işlətmək qərarına gəlib - yaponlar 2019-ci ilin Porsche 718 Cayman GT4 sportkarını keçən əsrin ortalarının Porsche 906 yarış avtomobilinin üslubunda olan dekorla bəzəyiblər.

1967-ci ildə, şassi nömrəsi 145 olan sportprototipi idarə edən yapon pilot Tetsu İkutsava Yaponiya Qran Prisini qazanıb və bu uğurun indi, 2022-ci ildə qeyd olunmasına qərar verilib. Xüsusi dekorativ elementlər dəstini işləyib hazırlamaq Porsche Exclusive Manufaktur bölməsinə həvalə olunub - kuzovun krem rəngi narıncı aksentlər, gümüş zolaqlar və tünd təkər diskləri ilə tamamlanıb.

Arxa yan pəncərəyə retro üslublu Porsche Exclusive Manufaktur yazısı və orijinal idman avtomobilinin silueti olan xüsusi “906-145” nişanı yapışdırılıb. Sportkarın kandarlarında Fuji Speedway trekinin silueti və qalib pilotun əldə etdiyi 2:00:800 zamnı, qapılarda isə, tarixi yarış sportprototipindəki kimi, 8 “start” nömrəsi peyda olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Porsche 718 Cayman GT4 Tribute to 906 adlanan modelin interyeri qırmızı tikişli qara dəri və alkantara ilə üzlənib. Ön paneldə 906-145 loqotipi, karbon lifindən hazırlanmış yüngül oturacaqların başlıqlarında isə, 1967-ci il Yaponiya Qran Prisinin keçirildiyi trekin adı və konfiqurasiyası əks olunan tikmə-naxışlar peyda olub.

Porsche 718 Cayman GT4 Tribute to 906 modelinin qiyməti açıqlanmır, çünki inşa edilmiş yeganə nüsxənin satışı planlaşdırılmır. Bununla belə, arzu edən hər bir şəxs Porsche Exclusive Manufaktur bölməsinə bənzər təkmilləşdirmələr dəstini sifariş edə bilər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.