Kupeşəkilli krossoverlərə olan dəb Porsche markasına da çatıb. Zuffenhauzendə uzun müddət bu seqmentdəki cərəyanları izləməyə davam etsələr də, sonunda BMW X6 və onun davamçıları olan Mercedes-Benz GLE Coupe və Audi Q8 modellərinə rəqib hazırlamaq qərarına gəliblər.

Adi Porsche Cayenne modeli ilə müqayisədə yeni kupe-krossun ön və arxa dayaqları daha mailidirlər, damı isə, 20 millimetr aşağı salınıbdır. Üstəlik, kupeşəkilli krossover adi Cayenne modelindən 13 millimetr uzundur. Beləliklə, Porsche Cayenne Coupe modelinin qabarit uzunluğu 4931 millimetr, eni 1983 millimetr, hündürlüyü isə, 1676 millimetrdir. Avtomobillərin eni isə bərabərdir. Bundan başqa, nömrə yeri baqaj qapısından bamperə keçirilib, standart təkər diskləri isə, 20-düymlükdürlər. Xatırladaq ki, adi Cayenne krossoverində standart olaraq 19-düymlük təkər diskləri təklif edilir.

Cayenne Coupe modelinin əsas cəhəti aktiv arxa spoylerdir: 90 km/saat sürətlərində beşinci qapıdakı panel 135 millimetr qalxaraq yerəbasma gücünü artırır. Daha bir maraqlı cəhət 2,16 kvadrat metrlik sahəsi olan standart şüşə damdır. Kupe versiyasında adı metal dam olmayacaqdır - lakin, opsional olaraq karbondan damı sifariş etmək olar. Bundan başqa, əlavə ödənişlə yüngül çəkisi olan 22-düymlük təkər disklərini, idman buraxılış sistemini və xüsusi dekoru da əldə etmək mümkündür.

Coupe varsiyasının salonu əsasən oturacaqları ilə fərqlənir - standart olaraq, krossover başlıqları inteqrasiya edilmiş oturacaqlara malikdir. Arxa oturacaq cərgəsi isə, standart krossoverdə olduğundan 30 millimetr aşağıda yerləşir - bu sərnişinlərin başı üzərindəki məkanı artırmaq məqsədi ilə edilib. Üstəlik, standart olaraq arxa cərgə ikiyerlidir - üçyerli divanı ödənişsiz sifariş etmək olar.

Kupeşəkilli Cayenne modelinin baqaj bölməsi 625 litrdir, Turbo modifikasiyasında isə, bu rəqəm 600 litr təşkil edir. Arxa cərgənin qatlanması halında baqajın həcmi 1540 litrə (Turbo versiyasında 1510 litr) qədər artır. Adi Cayenne modelində bu rəqəmlər 770 və 1710 litr təşkil edir.

Texniki cəhətdən Porsche Cayenne Coupe adi krossoveri təkrarlayır - Porsche markasının ənənələrinə uyğun olaraq, çəkinin paylanmasının dəyişməsi ilə əlaqədar olaraq, bir sıra incə tənzimləmələr aparılıbdır. Adi Porsche Cayenne Coupe modeli 340 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 turbomühərriki ilə təchiz edilir. Porsche Cayenne Turbo Coupe isə, 550 at qüvvəsi və 770 Nm fırlanma anına malik olan 4,0-litrlik V8 biturbomühərrikinə sahibdir. Hər iki versiya səkkiz pilləli avtomatik qutu və çoxdiskli mufta vasitəsi ilə ön oxu qoşan tam çəkiş sistemi ilə təchiz edilir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Porsche Cayenne Coupe standart olaraq PASM adaptiv amortizatorları və Sport Chrono dəsti ilə təchiz olunur. Adi kupeşəkilli krossover 100 km/saat həddinə 6,0 saniyəyə, Cayenne Turbo Coupe isə, 3,9 saniyəyə sürətlənir. 200 km/saat həddinə sürətlənməyə, müvafiq olaraq, 24 və 14,6 saniyə tələb olunur. Avtomobillərin maksimal sürəti 243 və 286 km/saatdır. Sonradan kupe-krossun başqa modifikasiyaları da təklif ediləcəkdir. Kupeşəkilli Cayenne modelinə sifarişlər artıq qəbul olunur.