Bu il Porsche şirkəti Cayenne Coupe kupe-krossoverinin model xəttini hibrid modifikasiyası ilə zənginləşdirməyi planlaşdırır. Hibrid modifikasiyanın yaradılması artıq rəsmi təsdiqini tapıb.

Bu günə Porsche Cayenne Coupe modelini 340 at qüvvəli baza, 440 at qüvvəli Cayenne S Coupe və 550 at qüvvəli Cayenne Turbo Coupe modifikasiyalarında təklif edirlər. Mətbuat nümayəndələri üçün Avstriyada keçirilmiş tədbirdə Porsche şirkətinin nümayəndəsi benzin-elektrik versiyasının bu il debüt edəcəyini bildirib. Çox güman ki, hibrid aqreqatlı Porsche Cayenne Coupe payızda keçiriləcək Frankfurt avtosalonunda geniş kütlə qarşısına çıxacaqdır.

Əslində kupe-krossun hansı güc aqreqatı ilə təchiz ediləcəyini söyləmək mümkündür. Bu, Porsche  Cayenne E-Hybrid modelinin 462 at qüvvəli hibrid güc qurğusudur. Qurğunun tərkibinə 335 at qüvvəli 3,0-litrlik turbomühərrik və 135 at qüvvəli elektrik mühərriki daxildir. Şayiələrə görə, Cayenne E-Hybrid Coupe modifikasiyasından sonra, Panamera Turbo S E-Hybrid modelinin 680 at qüvvəli aqreqatı ilə təchiz edilmiş bayraqdar Cayenne Turbo S E-Hybrid  Coupe modifikasiyası da işıq üzü görməlidir.

Bundan başqa, Lamborghini Urus modelindən tanış olan 650 at qüvvəli 4,0-litrlik V8 mühərriki ilə təchiz edilmiş Cayenne GT5 Coupe modelinin də təqdim ediləcəyi gözlənilir. Adətən belə krossoverlər bu günə qədər GTS indeksini daşıyıblar. Lakin, təsdiq edilməmiş məlumata görə, Porsche GT5 nişanını məhz bu model üçün qeydə alıb. Necə deyərlər - yaşıyarıq, görərik...