Porsche şirkəti yeni hiperkar buraxmaq niyyətindən imtina etməyib. Hiperkarın təchiz ediləcəyi güc aqreqatlarından biri də vaxtı ilə alman istehsalçısının Formula 1 üçün hazırladığı hibrid güc qurğusu ola bilər. Porsche Motorsport bölümünün sərəncamında olan altısilindrli aqreqatı xırda dəyişikliklər ilə mülki modellər üçün adaptasiya etmək olar.

Autocar nəşrinin bildirdiyinə görə, Porsche şirkəti 918 Spyder modelinin ideoloji davamçısı olan bayraqdar modeli buraxmaq niyyətindədir. Artıq qeyd etdiyimiz kimi, bayraqdar model zavod avtoidman proqramı çərçivəsində hazırlanmış və Formula 1 üçün nəzərdə tutulmuş güc qurğusu ilə təchiz edilə bilər.  Porsche şirkətinin F1-də mühərrik istehsalçısı kimi iştirakdan imtina etməsinə baxmayaraq, alman şirkəti mühərrikin üzərindəki çalışmaları dayandırmayıb və onun stend sınaqlarını davam etdirir.

Porsche hiperkarının hibrid hissəsinin Xorvatiyanın Rimac Automobili şirkəti tərəfindən hazırlanacağı da istisna olunmur. İki şirkət arasında əməkdaşlıq 2018-ci ildə başlanıb. Hazırda alman şirkəti xorvat müəssisəsinin 15,5 faizlik səhm paketinə sahibdir. Bu əməkdaşlıq batareya texnologiyalarının da inkişafını nəzərdə tutur. Əldə edilən nəticələrdən asılı olaraq, hiperkar tamamilə elektrik də ola bilər. Lakin, hələlik Ştutqartda gələcək elektrokarların əsas elementi hesab etdikləri sərtgövdəli akkumulyatorların inkişafından o qədər də razı deyillər.

F1 aqreqatına malik olan Porsche hiperkarı Mercedes-AMG One modelinin birbaşa rəqibi olacaqdır. Xatırladaq ki, Affalterbaxdan olan hiperkar Mercedes F1 W07 Hybrid bolidinin omoloqasiya keçmiş mühərriki ilə təchiz edilir. Güc qurğusunun adaptasiya prosesndə yaranmış çətinliklər ucbatından hiperkarın müştərilərə çatdırılması müddəti 2021-ci ilə keçirilib.